11.10.2008; №17-18 (430-431)

FOTOREPORTAJ: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın sonunda Şəkiyə, Oğuza və Qaxa səfər ediblər



Heydər Əliyevin “İpəkçi”nin baş redaktoruna müraciəti: “...Taleyi sınan xalqımızın bu ağır çağlarında M. Salisin baş redaktor olduğu “İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.”Heydər Əliyev; 14 dekabr 1993-cü il. RAMİZ MEHDİYEV VƏ HİDAYƏT ORUCOVUN “QƏSD” KİTABINDAN:“1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə baş vermiş xoşagəlməz hadisələr zamanı “Şəkinin səsi” sağlam mövqe tutmuş, qanunu yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətin ifşa olunmasında böyük rol oynamışdır”. HADİ RƏCƏBLİ: “Ölkədə “Heydər Əliyev ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür. Kim deyirsə ki, bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma, Salis qədər kimsə dilinə gətirməyə cəsarət etməmişdir. Salis isə bunu etdi – “Şəkinin səsi” qəzetində təşəbbüs irəli sürdü. Mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər. Milli Məclisin arxivində, stenoqramı durur...”


İLHAMLA PREZİDENT SEÇKİLƏRİNƏ DOĞRU, İRƏLİ! 




MƏRKƏZİ RAYON XƏSTƏXANASININ YENİ KORPUSUNUN TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLDİ

ŞƏKİ "AQRO-İNDASTRİ" MMC-NİN SÜD EMALI ZAVODU MÜASİR TİPLİ MÜƏSSİSƏDİR 

Azərbayjan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Zaqatala bölgəsinə səfəri zamanı Oğuzda da olmuşlar

OĞUZ ŞƏHƏRİNDƏ MƏRKƏZİ PARK SALINIR 

"AFRA-OTEL" KURORT VƏ BİZNES MƏRKƏZİNİN AÇILIŞI

QLÜKOZA ZAVODU OĞUZUN YENİ SƏNAYE MÜƏSSİSƏSİDİR 

OĞUZ OLİMPİYA - İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Zaqatala bölgəsinə səfəri zamanı Qaxda da olmuşlar

HEYDƏR ƏLİYEV MUZEYİ FƏALİYYƏTƏ BAŞLADI 

QAX ŞƏHƏRİNDƏ İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR 

RÖVZƏT DƏMİRÇİZADƏNİN YENİ ŞEİRLƏR KİTABI 

BÖYÜKLÜK

ŞƏKİ-İPƏK ŞƏHƏRİ 

MÜDRİK KƏLAMLAR 

Qurtuluş SÜLEYMANLI 

NƏ VAXTA QALDI?

GEDİR? 25

 


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Zaqatala bölgəsinə səfəri zamanı şəkililərin də qonağı olmuşlar 

MƏRKƏZİ RAYON XƏSTƏXANASININ YENİ KORPUSUNUN TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLDİ



Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Şəki şəhərinə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Şəki mərkəzi rayon xəstəxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma mərasimində iştirak etmişdir. İnşaatçılar, şəhər ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılamışlar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov dövlətimizin başçısını yeni korpusun layihəsi ilə tanış etdi. O, bildirdi  ki, Şəki şəhərinin girəcəyində, Olimpiya-İdman Kompleksinin yaxınlığında inşa ediləcək bina Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan "Tibbi xidmətlər sahəsində islahatların aparılması" layihəsi çərçivəsində tikilir. Layihənin həyata keçirilməsi üçün Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron pilot rayonlar kimi seçilmişdir. Layihəni Dünya Bankı, Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, YUNİSEF və Dünya Səhiyyə Təşkilatı maliyyələşdirir.

Yeni korpusun birinci mərtəbəsində təcili tibbi yardım, poliklinika, diaqnostika şöbəsi, 8 çarpayılıq hemodializ, sterilizasiya şöbələri, laboratoriya, yeməkxana, exokardiologiya, kompüter tomoqrafiyası, endoskopiya, rentgen şöbələri fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə isə 28 çarpayılıq cərrahiyyə şöbəsi, iki əməliyyat bloku ilə birlikdə 12 çarpayılıq anesteziologiya və reanimasiya şöbəsi, 55 çarpayılıq terapiya şöbəsi yerləşəcəkdir. Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü. Sonra Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.

Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini NAĞDALI BALAŞOV dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, Sizin hər bir gəlişiniz Şəkiyə yeni həyat gətirir. Bu gün bizim qəlbimiz sevinclə, fərəhlə döyünür. 2006-cı ildə Siz Şəkidə modul tipli elektrik stansiyasının açılışı ilə bizə işıq verdiniz və biz o vaxt Sizi şəriksiz Prezidentimiz adlandırdıq. Bu gün isə yeni müalicə korpusunun təməlinin qoyulması ilə bizə – insanlarımıza sağlamlıq bəxş edirsiniz.

Əziz Prezidentimiz, Sizin andiçmə mərasimində dediyiniz kəlam var idi: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam". Bu, həyatda öz əksini tapmışdır. Siz bizə işıq, istilik vermisiniz, əmək haqlarımızı artırmısınız və balalarımızın təhsili üçün Şəkidə çoxlu məktəblər tikmisiniz. Buna görə Sizə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda Azərbaycanda 700 mindən çox iş yeri açılmışdır. Əvvəllər ölkəmizi tərk edib gedən soydaşlarımız artıq Azərbaycana qayıdır, onlar işlə təmin olunurlar. Hətta əcnəbi vətəndaşlar da iş dalınca Azərbaycana gəlirlər. Biz inanırıq ki, bundan sonra Azərbaycanda həm yoxsulluq, həm də işsizlik olmayacaqdır.

Möhtərəm Prezidentimiz, Sizin daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanda sülh bərqərar olmuşdur və ölkəmiz təhlükəli vəziyyətlərdən azad olmuşdur. Hesab edirik ki, Qarabağ məsələsi də öz həllini tapacaqdır. Möhtərəm Prezidentimiz, Siz xalqın içərisində olursunuz, xalq Sizi sevir, hər kəs Sizi öz ailəsinin üzvü kimi qəbul edir. Siz bizim üçün hər şey etmisiniz. Buna görə də Sizə minnətdaram.

Möhtərəm Prezidentimiz, Şəkidə də son illər quruculuq, abadlıq işləri getmişdir. Şəkinin incisi olan Şəki xanlarının sarayı bərpa olunmuşdur. Mədəniyyət ocaqları bərpa olunub xalqın istifadəsinə verilmişdir. Möhtərəm Prezidentimiz, Sizi sevməyən, vətəni də sevməz. Vətənə sevgi, xalqa sevgi Sizdən başlayır. Siz bizə o qədər yaxınsınız ki, biz unuduruq kimlə danışırıq. Hesab edirik ki, Siz də bizi beləcə, o doğmalıqla sevirsiniz. Şəki camaatı Sizi sevir, Sizinlə fəxr edir. Allah Sizi qorusun!

İLHAM ƏLİYEV: –Çox şadam ki, bu gün yenidən Şəkidəyəm, sizinlə birlikdəyəm. Mən Şəkidə dəfələrlə olmuşam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyektlərin açılışını, yaxud da ki, təməlinin qoyulmasını birlikdə qeyd edirik. Bu gün də istisna deyil. Bu  gün Şəkidə ən müasir, dünya standartlarına cavab verəcək yeni böyük xəstəxananın təməlini qoyduq. Buna böyük ehtiyac var. Çünki sosial məsələləri, o cümlədən səhiyyə sisteminin təkmilləşməsi ilə bağlı olan bütün məsələləri biz daha da sürətlə həll etməliyik. Azərbaycan vətəndaşları çox gözəl tibbi xidmət almalıdırlar. Təkcə Bakıda yox, bütün bölgələrdə. Bu gün bizim belə imkanlarımız var. Məhz Şəkidə belə gözəl xəstəxananın tikilməsi, əlbəttə ki, Şəkiyə, şəkililərə olan münasibətin təzahürüdür. Mən çox istəyirəm ki, xəstəxana tezliklə tikilsin və burada ən yüksək tibbi xidmət göstərilsin. Bütövlükdə rayonun və şəhərin inkişafı üçün biz hələ çox işlər görməliyik. Düzdür, siz qeyd etdiniz ki, keçən dəfə mən burada olarkən modul tipli stansiyanın açılışında iştirak edirdik. Bu gün stansiya həm Şəkini təmin edir, həm də ətraf rayonları, ümumiyyətlə, Azərbaycanın energetika sisteminin möhkəmlənməsi işində çox mühüm rol oynayır. Ondan əvvəlki səfərlərdə Olimpiya-İdman Kompleksi açılmışdır.

Bilirəm ki, indi Şəkidə çox böyük quruculuq işləri aparılır. Şəhər gözəlləşir, öz gözəl tarixi simasını saxlamaqla müasirləşir, abadlaşır, yeni məktəblər tikilir, mədəniyyət ocaqları, küçələr abadlaşır. Yəni Şəki belə yaxşı inkişaf edir. Mən buna çox sevinirəm. Amma istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin və insanları narahat edən bütün məsələlər öz həllini tapsın.

Bu gün bizim iqtisadi imkanlarımız genişlənir. Azərbaycanda aparılan köklü iqtisadi islahatlar öz bəhrəsini verir və biz bunu statistik rəqəmlərdə və insanların gündəlik həyatında görürük. Maddi imkanlar, büdcə xərcləri artır, yoxsulluğun səviyyəsi aşağı düşür. Qeyd etdiniz, 700 mindən çox yeni iş yeri açılmışdır, onlardan 600 minə yaxını daimi iş yerləridir və bu proses davam edir. Bu gün deyə bilərəm ki, biz işsizlik kimi çox çətin və ağır sosial problemi, demək olar, əsasən həll etmişik. İndi sirr deyil ki, Azərbaycana işləmək üçün başqa ölkələrdən vətəndaşlar gəlirlər. Onların sayı getdikcə artır. Biz onları Bakıda gedən bütün tikintilərdə görürük. Təkcə Bakıda yox, artıq Azərbaycanın başqa şəhərlərində də xaricdən gələn fəhlələr çalışırlar. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycan vətəndaşları artıq azmaaşlı işlərə o qədər də meyl göstərmirlər, daha da yüksək maaş almaq istəyirlər. Bu da çox gözəl və təbii bir haldır. Digər tərəfdən, onu göstərir ki, Azərbaycanda artıq işsizlik problemləri, demək olar ki, öz həllini tapıbdır.  Biz buna regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası   nəticəsində   nail   ola  bilmişik. Həm sosial məsələlərin həllinə, həm də iqtisadi, sənaye potensialının möhkəmlənməsinə.

Bu gün mən yeni sənaye obyektinin açılışında iştirak edəcəyəm. O cümlədən Şəki rayonunda belə müəssisələrin sayı çoxalır. Mən bu gün səhərdən bu bölgənin müxtəlif rayonlarında görüşlər keçirirəm. Balakən, Zaqatala, Qax - bütün rayonlarda çox ürəkaçan mənzərə var. Bütün rayonlarda inkişaf var, əhval-ruhiyyə çox yüksəkdir, çox yaxşıdır. Deyə bilərəm ki, insanlar gələcəyə nikbinlik hissləri ilə baxırlar. Çünki gündəlik həyatda bu dəyişiklikləri görürlər, şəhərlər abadlaşır. Şəkinin hər bir sakini, həm Azərbaycan dövlətinin vətənpərvər insanıdır, eyni zamanda, öz doğma şəhərinin də vətənpərvər sakinidir. Hər bir vətəndaş görəndə ki, onun doğma şəhərində vəziyyət yaxşılaşır, abadlaşır, yeni müəssisələr işə düşür, əlbəttə ki, buna sevinir. Azərbaycanın inkişafı bundan sonra bax, bu yolla davam edəcəkdir. Həm güclü iqtisadi potensial, iqtisadi islahatlarımızın dərinləşməsi və davamı, həm özəl sektora, sahibkarlara dəstək olmalıdır və olacaqdır, həm də sosial məsələlərin həlli. Maaşlar artır, bilirsiniz ki, pensiyalar ildə iki dəfə artırılır. Əlbəttə ki, bu, bizi hələ tam şəkildə qane edə bilməz. Minimum əmək haqqı 75 manatdır. Minimum pensiya 75 manatdır. Əlbəttə, bu o məbləğ deyil ki, insanın tələbatını tam şəkildə ödəsin. Ancaq əgər biz 2-3 il bundan əvvəlki vəziyyətə baxsaq görərik ki, bu, çox sürətli bir artımdır və dinamika da çox gözəldir. Dinamika onu göstərir ki, biz bu istiqamətdə gələcəkdə də lazımi tədbirləri görəcəyik.

Bu gün Azərbaycan iqtisadi islahatlar baxımından dünya miqyasında birinci ölkədir. Özü də bunu biz demirik. Bunu Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qeyd edir. Bilirsiniz, dünyada çoxsaylı təşkilatlar var, həm Azərbaycanda, həm də xaricdə qeyri-hökumət təşkilatları var. O təşkilatları sadəcə olaraq, onların təsisçiləri təşkil edir. Adı var ki, təşkilatdır və bu təşkilatlar vaxtaşırı ölkələrin, necə deyərlər, müxtəlif istiqamətlərdəki fəaliyyətini təhlil edir və qiymət verir. Bəzi hallarda bu qiymət subyektiv xarakter daşıyır. Ancaq bu bəyanatlar, bu qiymətləndirmə məsələləri xarici mətbuatda öz əksini tapır və istər-istəməz ölkə haqqında rəy formalaşır. Onu da bilirik ki, Azərbaycan haqqında bir çox hallarda formalaşan və qəsdən formalaşdırılan rəy həqiqəti əks etdirmir.

Amma Dünya Bankı dünyanın ən qabaqcıl, ən birinci beynəlxalq maliyyə qurumudur. Beynəlxalq Valyuta Fondu da həmçinin. Bax, bu təşkilatlar Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirir. Yəni bundan yuxarı qiymət ola bilməz.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu mükafatla təltif etdi. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, Azərbaycanda şəffaflıq təmin olunur, iqtisadi islahatlar təmin olunur. Düzdür, Azərbaycan qədim neft ölkəsidir. Neft bizim təbii sərvətimizdir və Azərbaycan xalqına xidmət göstərir. Bəzi hallarda bəzi bədxahlar sübut etməyə çalışırlar ki, Azərbaycanın sürətli artımı təkcə neftlə bağlıdır. Bu, belə deyildir. Əlbəttə ki, neft amilinin ümumi iqtisadi inkişafda çəkisi böyükdür. Amma bizdən daha da çox neft-qaz hasil və ixrac edən ölkələr var. Daha da çox, böyük resurslara malik olan ölkələr var. Nə üçün o ölkələrdə iqtisadi artım bizdəki kimi deyil?! Yəni mən onu demək istəyirəm ki, bizim iqtisadiyyatın inkişafının səbəbi təkcə təbii resurslar deyil, bizim islahatlarımızdır, Azərbaycanda hökm sürən sabitlikdir, burada fəaliyyət göstərən yerli xarici şirkətlərin işləridir, investisiyalarıdır.

İlk dəfədir ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu, nə deməkdir?! İlk növbədə, Azərbaycan dövlətinin imkanları artır və daxili investisiyaların əksər hissəsi dövlət investisiyalarıdır. Digər tərəfdən, Azərbaycan şirkətləri böyüyür. Nəyin hesabına böyüyür?! Daha çox dövlət tərəfindən verilən sifarişlər hesabına. Əgər bu sifarişlər olmasaydı, yerli şirkətlər bu qədər inkişaf etməzdi. Bizim 5 milyard dollar həcmində Dövlət İnvestisiya Proqramımız var. Yəqin ki, gələn il ondan da çox olacaqdır. Bax, bu vəsait bütün rayonların abadlaşmasına, yeni gözəl xəstəxanaların, müəssisələrin, yolların, aeroportların tikilməsinə yönəldilir. Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak etdim, bu, çox gözəl hadisədir və bütün bölgəyə yeni imkanlar gətirəcəkdir.

Biz Bakı-Balakən avtomobil yolunun təmirinə və genişləndirilməsinə başlamışıq. Yəni belə hallar çoxdur. Bu gün biz Zaqatalada yeni Müalicə-Diaqnostika Mərkəzinin açılışını etdik. Şəkidə gözəl xəstəxananın, Qaxda yeni İdman kompleksinin təməlini qoyduq. Balakəndə böyük bir parkın və kanat yolunun açılışında olduq. Yəni həm iqtisadi, həm sənaye məsələləri, həm də sosial məsələlər həll olunur. Bizim bütün səylərimiz bir məqsədi güdür: Azərbaycan xalqı daha da yaxşı yaşasın, Azərbaycan dövləti daha möhkəmlənsin, bölgədə öz mövqelərini daha da gücləndirsin, Azərbaycanda sabitlik daha da möhkəm olsun, pozulmasın, sülh, təhlükəsizlik və əmin-amanlıq olsun və Azərbaycan xalqı rahat yaşasın. Biz adada yaşamırıq, biz bölgədə yaşayırıq və bölgədə gedən proseslər hamımıza bəllidir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, burada xalqla iqtidar arasında birlik var. Bu birlik bizim bütün uğurlarımızın təməlindədir. Sabitlik, inkişaf, quruculuq - bizim əsas iş prinsiplərimiz bunlardır.

Azərbaycan xalqının maraqlarına nə cavab verirsə, o da olacaqdır. Nə cavab vermirsə, o, heç vaxt olmayacaq, kim nə deyir desin. Mən Azərbaycan xalqının dəstəyinə arxalanıram. Əgər mən bunu hiss etməsəydim, həm xarici, həm də daxili siyasəti aparmaq mənim üçün daha da çətin olardı. Ona görə bütün bu uğurların səbəbkarı sizsiniz, Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşlarıdır. Mən də sizə xidmət edirəm.

SAKİNLƏR: – Cənab Prezident, çox sağ olun, minnətdarıq. Allah köməyiniz olsun.

İLHAM ƏLİYEV: – Bu beş ildə çalışmışam ki, yaxşı xidmət edim. Sizə uğurlar, cansağlığı arzulayıram. Xəstələnməyin, amma, işdir xəstəlik olsa, yaxın zamanlarda gözəl xidmət göstəriləcəkdir.

Şəkili ziyalılar Azərbaycan Prezidentinin xarici siyasətinin uğurlarından danışdılar.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV Azərbaycanın öz müstəqil siyasətini bundan sonra da davam etdirəcəyini bildirdi:

– Əlbəttə ki müstəqil siyasət aparmaq Azərbaycan üçün, çox da böyük olmayan ölkə üçün o qədər də asan məsələ deyildir. Bir daha demək istəyirəm, əgər mən bu dəstəyi hiss etməsəydim, çətin olardı. Əlbəttə, Azərbaycanın bölgədəki və dünyadakı mövqeləri də möhkəmlənir, önəmi də artır və Azərbaycana diqqət də artır. Burada bəzi hallarda müxtəlif maraqlar da toqquşur. Mən qoymuram ki, toqquşsun, qoymuram və qoymayacağam. Mən həmişə demişəm ki, böyük ölkələr var, çox da böyük olmayan ölkələr də var, maraqlar ola bilər. Azərbaycanın da Azərbaycanın hüdudlarından kənarda maraqları var. Amma mən həmişə demişəm ki, Azərbaycan qarşıdurma məkanına çevrilməyəcəkdir. Biz əməkdaşlığa hazırıq. Əgər bizim maraqlarımıza uyğundursa, istənilən ölkə ilə, istənilən formada əməkdaşlıq edəcəyik. Uyğun deyilsə, biz bunu açıq deyirik. Həm qonşular, həm də böyük dövlətlər bunu bilir və bunu qəbul etməyə öyrəşiblər ki, Azərbaycanın öz mövqeyi var. Azərbaycan xalqının iradəsindən başqa heç bir qüvvə bu mövqeyə təsir edə bilməz.

Müstəqil siyasət aparan ölkə özünü müəyyən risklərdən sığortalayır. Çünki o, sadəcə olaraq, öz bildiyini, öz xalqının maraqlarını müdafiə edir. Müstəqil siyasət aparmaqda çətinlik çəkən ölkələr də bəzi hallarda bundan əziyyət çəkirlər. İndi dərinə getmək istəmirəm, hər kəs hər şeyi görür. Əminəm ki, bundan sonrakı illərdə Azərbaycanın dünyadakı mövqeləri ancaq möhkəmlənəcəkdir. Bunun üçün bütün şərait var, bütün imkanlar var. Həm qəbul edilmiş proqramlar, həm neft siyasətimiz, həm ölkədə yaranmış vəziyyət, həm də ümumiyyətlə, Azərbaycanın uğurlu inkişafı belə deməyə imkan verir.

YAQUB MAHMUDOV (Azərbaycan Milli EA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı):

– Cənab Prezident, xalq sizinlədir. Siz səmimi, qətiyyətli, cəsarətli siyasətinizlə, heç kəsin arxasınca getmədən Heydər Əliyevin qurduğu Azərbaycanı göylərə qaldırdınız. Öz yolunuz var. O yol da Azərbaycan xalqını təmin edir. Biz həmişə Sizinləyik. Sizə eşq olsun, bilin ki, xalq Sizinlədir.

İLHAM ƏLİYEV: – Sağ olun.

 

ŞƏKİ "AQRO-İNDASTRİ"MMC-NIN SÜD EMALI ZAVODU MÜASIR TİPLI MÜƏSSİSƏDİR

 

 Prezident İlham Əliyev sentyabrın 19-da  Şəki "Aqro-İndastri" MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavodunda olmuşdur.

Dövlətimizin başçısına müəssisənin əsas iqtisadi texniki göstəricisi barədə məlumat verildi. Bildirildi ki, müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın "Roqobank"ı arasında imzalanmış kredit müqaviləsi əsasında 2006-cı ildə başlanmışdır. Müqavilənin ümumi dəyəri 7,28 milyon avrodur. Şəki-Oğuz şosesinin kənarındakı 70 hektar ərazidə müasir tipli heyvandarlıq kompleksi, damazlıq və südçülük sahələri, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşir. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 cins inək gətirilmişdir. İndiyədək onlardan 472 bala alınmışdır.

Kompleksdə adi və mexanikləşdirilmiş tövlələr tikilmişdir. İcarəyə götürülmüş 400 hektara yaxın ərazidə yem üçün qarğıdalı, yonca və vələmir əkilir. Hər gün heyvanlara 10 tona yaxın yem verilir. Yem istehsalı üçün müasir tipli dəyirman da tikiləcəkdir.

Müəssisədə gün ərzində 15 min litr süd istehsal olunmaqla 1500 kiloqram Hollandiya pendiri hazırlanması nəzərdə tutulur. İndiyədək müəssisədə 140 iş yeri açılmışdır. İşçilərə pulsuz nahar yeməyi verilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması və ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan  gətirilmişdir. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, buradan isə pendir istehsalı sexinə ötürülür.

Prezident İlham Əliyev istehsal sahəsinin rəmzi işə salınmasını bildirən düyməni basdı. Sonra tövlələrə, süd sağımı və pendir istehsalı sexinə baxdı, quraşdırılmış müasir avadanlıqla tanış oldu. Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı bölgələrdə bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğuladı.

Bununla da Prezident İlham Əliyevin Şəki rayonuna səfəri başa çatdı.


 

 

Azərbayjan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Zaqatala bölgəsinə səfəri zamanı Oğuzda da olmuşlar

 

OĞUZ rayonu

 

OĞUZ ŞƏHƏRİNDƏ MƏRKƏZİ PARK SALINIR

Sentyabrın 20-də Prezident İlham Əliyev Oğuz şəhərində yeni salınan mərkəzi parkda olmuşdur.

Dövlətimizin başçısının tövsiyəsinə uyğun olaraq salınan parkda inşaat işlərinə bu ilin mayında başlanmışdır. Ərazisi 2,6 hektar olacaq parkın layihəsi yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə hazırlanmışdır.

Avropa və milli memarlıq üslubunda salınacaq parkda 6 fəvvarə (o cümlədən musiqili fəvvarə), 2 konsert səhnəsi, uşaqlar üçün karusellər olacaqdır.

Hazırda ərazidə torpaq və dəmir-beton işləri davam etdirilir.

 

 

"AFRA-OTEL" KURORT VƏ BİZNES MƏRKƏZİNİN AÇILIŞI

 

Prezident İlham Əliyev sentyabrın 20-də Oğuz rayonunda "Afra-otel" kurort və biznes mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Tikintisinə 2006-cı ilin iyununda başlanmış, yarımzirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bu mərkəzin binasının ümumi sahəsi 6780 kvadratmetrdir. Binanın yarımzirzəmi hissəsində bar, kabinetlər, bilyard və oyun otaqları, habelə qazanxana, anbar, transformator yardımçı stansiyası yerləşir. Əsas mərtəbələr biznes mərkəzi, inzibati otaqlar, 65 yerlik konfrans salonu, 60 və 200 yerlik restoranlar, eyni vaxtda 108 nəfərin qalması üçün 1 və 2 yerlik 31 nömrə, o cümlədən 4 ədəd lüks nömrə vardır.

Polşa və Cənubi Koreya istehsalı olan istilik və havalandırma sistemləri olan binada 6 və 8 nəfərlik 2 sürətli lift də quraşdırılmışdır. Qonaqlar sürətli internet və peyk rabitə xidmətlərindən də geniş istifadə edəcəklər.

Mərkəzin tikintisində Sahibkarlığa Kömək Milli Fondundan alınmış 500 min manatlıq güzəştli kreditlərdən də istifadə olunmuşdur.

Burada 40 daimi iş yeri yaradılmışdır.

Prezident İlham Əliyev Oğuz rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynovla və  rayonun ziyalıları ilə birlikdə konfrans salonu, restoranlar, həyətdəki 4 ədəd kottec, 25 metrlik su hovuzu, tennis kortu, əl oyunları meydançası, disko-klub, sağlamlıq mərkəzi, avtomobil dayanacağı və digər tikililərlə tanış olmuş, ərazini gəzmişdir.

 

QLÜKOZA ZAVODU OĞUZUN YENİ SƏNAYE MÜƏSSİSƏSİDİR

 

Prezident İlham Əliyev həmin gün Oğuzda qlükoza zavodunun tikintisində  də olmuşdur.

Dövlətimizin başçısı zavodun maketi və baş planı ilə tanış oldu. Məlumat verildi ki, Azərbaycan Beynəlxalq Bankının maliyyələşdirdiyi tikintinin smeta dəyəri 12 milyon ABŞ dollarıdır. Bunun 4 milyon dolları tikinti işlərinə, qalanı isə avadanlığın alınıb quraşdırılmasına xərclənəcəkdir.

Zavod tam gücü ilə işlədikdə burada gündə 80 ton qarğıdalı emal ediləcək, bundan qida sənayesində istifadə olunan 50 tona yaxın qlükoza istehsal ediləcəkdir. Müəssisədə Türkiyədən və Avropa ölkələrindən gətirilmiş və müasir tələblərə cavab verən ən qabaqcıl texnoloji avadanlıq quraşdırılır. Qlükoza istehsalı xəttinin 2008-ci ilin noyabrında, qarğıdalıdan nişasta istehsalı xəttinin isə 2009-cu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Müəssisədə 53 nəfər işçi çalışacaqdır. İstehsalın həcmi çoxaldıqca, işçilərin sayı 200 nəfərə  qədər artırılacaqdır.

İlkin mərhələdə texnoloji proseslərə türkiyəli, sonra isə yerli mütəxəssislər nəzarət edəcəklər. Zavodun işə salınması rayonda qarğıdalı əkininə marağı daha da artıracaq, maldarlıq və quşçuluğun inkişafına ciddi təkan verəcəkdir.

Bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev tikinti işlərinin vaxtında, yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

 

OĞUZ OLİMPİYA - İDMAN KOMPLEKSİ İSTİFADƏYƏ VERİLMİŞDİR 

Sentyabrın  20-də Oğuz rayonunda olmuş İlham Əliyev  Oğuz Olimpiya-İdman Kompleksinin təntənəli açılış mərasimində iştirak etdi. Mərasimə toplaşanlar Prezidenti və xanımı Mehriban Əliyevanı səmimiyyətlə qarşıladılar. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi. Məktəblilər səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxdılar.

Dövlətimizin başçısı komplekslə tanış oldu. Məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq tikilən idman qurğusunun inşasına 2007-ci ilin fevralında başlanmışdı. Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa olunan kompleksin smeta dəyəri 7,5 milyon manatdır. "Rövşən-Oğuz-İnşaat" MMC-nin həyata keçirdiyi inşaat işlərinə 150 nəfər cəlb olunmuşdu. İşçilərin orta aylıq əmək haqqı 300-500 manat təşkil etmişdir.  4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan universal idman salonu, trenajor, 100 yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar daxildir. Digər korpusda 25 metrlik üzgüçülük hovuzu vardır. Kompleksin ərazisində 1850 yerlik tribunaları olan və beynəlxalq standartlara cavab verən futbol stadionu, voleybol, basketbol meydançaları, tennis kortu tikilmiş, idmançıların qalması və istirahəti üçün hərəsi dördnəfərlik 5 kottec tikilmişdir. Stadiona Türkiyədən gətirilmiş süni örtük döşənmişdir.

İdman qurğusunun nasos stansiyası, transformatoru, qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su anbarı, yanğından mühafizə məntəqəsi də vardır. Ərazidə geniş abadlıq işləri aparılmış, çəmənlik salınmış, 6 min ədəd dekorativ gül kolu əkilmişdir.

Prezident İlham Əliyev kompleksin trenajor salonu, üzgüçülük hovuzu, basketbol, voleybol və futbol meydançaları ilə tanış oldu.

Sonra kompleksin açılmasına həsr olunmuş mərasim keçirildi.

 

 AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

 

– Əziz oğuzlular!

   Əziz dostlar!

Bu gün Oğuz rayonunun həyatında çox gözəl və əlamətdar bir gündür. Bu gün Oğuzda yeni, gözəl, müasir Olimpiya-İdman Kompleksi açılır. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, bu kompleksdən həm idmançılar, həm də Oğuz rayonunun sakinləri  istifadə edəcəklər. Burada bütün şərait var, çox gözəl imkanlar var. Həm idman zalı, həm üzgüçülük hovuzu, trenajor zalı – bir sözlə, idmanla məşğul olmaq və sağlamlığı möhkəmləndirmək üçün bütün imkanlar var. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bərabər bu kompleksin açılışında iştirak edirəm.

Mən xatırlayıram, keçən il Oğuzda olarkən kompleksin tikintisi ilə tanış olmuşdum. Kompleks qısa müddət ərzində və yüksək keyfiyyətlə və böyük zövqlə tikilibdir. Bunun həm xarici görünüşü gözəldir, həm də daxili təchizatı bütün dünya standartlarına uyğundur. Əminəm ki, Oğuzda bu kompleksin fəaliyyətə başlaması nəticəsində burada idmanın inkişafına daha da böyük təkan veriləcəkdir. Mən çox istəyirəm ki, Azərbaycanın hər yerində, hər bir rayonunda güclü idmançılar yetişsin, insanlar güclü, fiziki cəhətdən sağlam olsunlar. Gənc nəsil həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olsun. Beləliklə, Azərbaycanın həm idman şöhrəti daim yüksəklərdə qalacaq, həm də Azərbaycan vətəndaşları, xüsusilə, uşaqlar, yeniyetmələr, gənclər fiziki cəhətdən sağlam olacaqlar.

Azərbaycanın çox böyük idman uğurları var, idman qələbələri var. Bizim idmançılarımız – bizim qaliblərimiz, Olimpiya oyunlarının çempionları, mükafatçıları – bu gün burada iştirak edirlər, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün çox böyük işlər görürlər. Beynəlxalq yarışlarda, çempionatlarda, əlbəttə ki, Olimpiya oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. Azərbaycan dünya idman ailəsində özünə layiq yerini tuta bilibdir və dünyada idman ölkəsi kimi tanınır. Bizim uğurlarımız, əlbəttə ki, hər bir vətəndaşı sevindirir, eyni zamanda, idmançılarımızın uğurlu çıxışları gənclərə də örnəkdir, gənclərə də gözəl nümunədir. Əminəm ki, bu gözəl qələbələrdən sonra idman bölmələrinə axın daha da güclənəcək, idmanla məşğul olmaq istəyənlərin sayı artacaqdır. Əlbəttə ki, bunu etmək üçün və bütün bu məqsədlərə nail olmaq üçün, idmanla məşğul olmaq üçün gərək yaxşı şərait olsun. Biz bu şəraiti yaradırıq. Sadəcə olaraq, hansısa idman qurğularının tikilməsi ilə kifayətlənmirik. Mən istəyirəm ki, hər bir rayonda ən müasir idman infrastrukturu yaradılsın. Hər bir yerdə idmanla məşğul olmaq üçün yaxşı şərait olsun və biz Oğuz rayonunun timsalında bunu görürük.

Siz, rayonun sakinləri yaxşı bilirsiniz ki, əhali baxımından Oğuz böyük rayon deyildir. Amma mənim üçün bu, heç vaxt heç bir meyar olmamışdır. Mənim üçün bütün rayonlar əzizdir, bütün Azərbaycan vətəndaşları əzizdir. Rayonun böyük-kiçikliyindən asılı olmayaraq, mən düşünürəm ki, hər bir yerdə, hər bir rayonda çox gözəl şərait olmalıdır. Həm idmanla məşğul olmaq üçün şərait, həm infrastruktur layihələri, həm də səhiyyə obyektləri, məktəblər, yollar, abadlıq işləri olmalıdır. Biz Oğuz rayonunda bütün bunları görürük. Bu idman kompleksi ilə üzbəüz böyük xəstəxana kompleksi tikilir və orada çox gözəl avadanlıq quraşdırılacaqdır. Sakinlərin müayinəsi və müalicəsi üçün bütün şərait yaradılacaqdır.

Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmət göstərəcəkdir. Bu gün, eyni zamanda, yeni mehmanxananın açılışında iştirak edəcəyəm. Yəni bütün bu hadisələr onu göstərir ki, hər bir rayonun potensialından biz səmərəli şəkildə istifadə etməliyik. Elə etməliyik ki, rayonda gedən işlər onun iqtisadi imkanlarını genişləndirsin.

Əlbəttə ki, Azərbaycan dövləti öz iqtisadi imkanlarını işə salaraq, bütün rayonlarda gedən abadlıq-quruculuq işlərinə kömək göstərir. Deyə bilərəm ki, Azərbaycanın bütün rayonları dövlət büdcəsindən dotasiyalar hesabına yaşayırlar. Bu, bundan sonra da davam edəcəkdir. Hər bir rayonun infrastruktur layihələrinə, belə gözəl komplekslərin, xəstəxana, məktəb tikintisinə və sair işlərin görülməsi üçün Azərbaycanın dövlət büdcəsindən vəsait ayrılır. Əlbəttə ki, gələcəkdə bizim iqtisadi imkanlarımız daha da böyük olanda, daha da böyük işlər görəcəyik. Amma hər bir rayon da öz iqtisadi, sənaye və turizm potensialından səmərəli şəkildə istifadə etməlidir və Oğuz rayonunda da belə imkanlar var.

Biz çalışmalıyıq və bundan sonra da bunu edəcəyik ki, Azərbaycanın bütün bölgələrində çox geniş quruculuq, abadlıq işləri davam etsin, bu yüksək templər saxlanılsın. Azərbaycanın bütün bölgələrində yaxşı yaşamaq üçün, yaxşı işləmək üçün, yaxşı oxumaq üçün və idmanla yaxşı məşğul olmaq üçün bütün imkanlar olsun.

Azərbaycanın inkişafı bu gün çox sürətlidir. Bütün bölgələrdə böyük quruculuq-abadlıq işləri aparılır. Bizim iqtisadi islahatlarımız istər sənaye potensialının inkişafında, istərsə də kənd təsərrüfatının inkişafında öz bəhrəsini verir. Böyük infrastruktur layihələri icra olunur. Xüsusilə bu zonanın hərtərəfli inkişafı üçün lazımi tədbirlər görülür. Dünən mən Zaqatala şəhərində yeni aeroportun açılışında iştirak etmişdim. Aeroportun tikintisi, o cümlədən Oğuz rayonunun turizm imkanlarına da böyük dəstək olacaqdır. Əminəm ki, həm Bakıdan, həm Azərbaycanın başqa şəhərlərindən, həm də başqa ölkələrdən buraya gələn turistlərin sayı getdikcə artacaqdır. İlk növbədə, ona görə ki, burada çox gözəl təbiət var. Təbiət baxımından Oğuz rayonu dünyanın istənilən yerindən geridə qalmır.

Digər tərəfdən, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, əlbəttə ki, turistlərin cəlb olunmasında öz rolunu oynayacaqdır. Bilirsiniz ki, turizmin inkişafı o ölkələrdə daha sürətlə gedir ki, orada vəziyyət sabitdir, heç bir qarşıdurma yoxdur, heç bir daxili, yaxud da xarici təhlükə yoxdur. Azərbaycan bu baxımdan bütün başqa ölkələrdən daha da əlverişli vəziyyətdədir. Çünki bizdə sabitlik, əmin-amanlıq, vətəndaş həmrəyliyi var. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına, o cümlədən turizmin inkişafına xidmət göstərir.

Yəni Azərbaycanı, Oğuz kimi başqa rayonları turizm mərkəzlərinə çevirmək üçün bizim bütün imkanlarımız var. Yenə də deyirəm, hər bir rayonun öz xüsusiyyətləri var. Hər bir rayonda o rayonun xüsusiyyətlərinə uyğun işlər aparılmalıdır. Harada sənaye potensialı artırılır, harada misal üçün, kənd təsərrüfatı, turizm inkişaf etdirilir və sair. Azərbaycanın hərtərəfli inkişafı bu işlərlə bağlıdır.

Əlbəttə ki, bizim böyük təbii ehtiyatlarımız var - neft, qaz və biz bu ehtiyatları dənizin dibindən çıxarır və boru xətləri ilə dünya bazarlarına ixrac edirik. Bundan Azərbaycan dövləti böyük gəlirlər əldə edir. Bu gəlirlər bizə imkan verir ki, belə gözəl komplekslər və başqa obyektlər tikək. Ancaq uzunmüddətli inkişafımız üçün Azərbaycanın qeyri-neft sektoru inkişaf etməlidir. Mənim son beş il ərzində apardığım siyasətin, demək olar, əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda bölgələr də inkişaf etsin, iqtisadiyyatın qeyri-neft sektoru, xidmət sektoru inkişaf etsin ki, Azərbaycan gələcəkdə təbii resurslardan asılı olmasın. Bu gün bunu etmək mümkün deyil və bu, təbiidir. Ancaq biz bu yolla gedirik və qeyri-neft sektoru ildən-ilə daha da artır.

Bu gün biz özümüzü ərzaq məhsulları ilə, demək olar ki, maksimum dərəcədə təmin edirik və görüləcək əlavə tədbirlər nəticəsində Azərbaycan ərzaq təhlükəsizliyini yüz faiz təmin edəcəkdir. Bugünkü dünyada bu, böyük bir nailiyyətdir. Çünki istisna olunmur ki, gələcək illərdə ərzaq təminatı ilə problemlər daha da ciddiləşəcək və o ölkələr ki, daha çox idxaldan asılılığı var, onlar böyük problemlərlə üzləşə bilər. Bunun qabağını almaq üçün biz bu gün tədbirlər görürük. Ərzaq təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi - dünya birliyini narahat edən bu üç əsas məsələ Azərbaycanda uğurla həll olunur və biz bunları gələcəkdə də həll edəcəyik. Azərbaycanın uğurlu, dayanıqlı inkişafını təmin etmək üçün nə lazımdırsa, biz onu edəcəyik.

Əziz oğuzlular, mən bu gün sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Mən əminəm ki, siz bu idman kompleksindən səmərəli istifadə edəcəksiniz və burada yeni çempionlar yetişəcəkdir. Onlar da öz növbəsində, görkəmli olimpiyaçılar kimi, Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.

Sizi bir daha təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram.

Sağ olun!

***

Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu.

 



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəki-Zaqatala bölgəsinə səfəri zamanı Qaxda da olmuşlar

 

QAX ŞƏHƏR PARKINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN  AÇILIŞI

 Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Qax rayonunda olmuşdur.

Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə 20 Yanvar və Azərbaycan küçələrinin kəsişməsində yerləşən şəhər parkına gəldilər. Əvvəllər Veteranlar parkı kimi tanınan bu ərazinin sahəsi 1 hektardır. Bu ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işləri aparılmış, parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuşdur. Abidənin müəllifi heykəltəraş Akif Əsgərovdur. Ətrafda hər biri üç hissədən ibarət olan iki fəvvarə quraşdırılmışdır.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmış, yeni oturacaqlar qoyulmuşdur. Səkkiz mindən çox dekorativ ağac, gül və kol əkilmiş, çəmənlik salınmışdır. Müasir səviyyəli yeni işıqlandırma sistemi gecələr buraya xüsusi yaraşıq verir. Parkın ərazisində milli memarlıq üslubunda Veteranlar evi də tikilmişdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin üzərindən ağ örtüyü götürdü. Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Parkda görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.

Rayon Veteranlar Şurasının sədri ƏLİ BABAYEV dövlətimizin başçısına müraciətlə dedi:

– Hörmətli cənab Prezident!

Xoş gəlib, səfa gətirmisiniz!

Mehriban xanım, xoş gəlib, səfa gətirmisiniz!

Bütün qonaqlar xoş gəliblər!

Hörmətli Prezident, biz üçüncü dəfədir görüşürük. Birinci dəfə Mehriban xanım dəvət etmişdi, Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunda keçirilən tədbirdə görüşmüşdük. O vaxt bizi çox təntənə ilə yola saldınız. Onu heç vaxt unutmuram. İkinci dəfə 2006-cı il aprelin 12-də ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısında görüşmüşük. Bu da üçüncü görüşümüzdür. Arzum budur ki, biz daim görüşək...

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

– Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, Qax rayonunda işlər yaxşı gedir. Siz qeyd etdiniz, mən iki il bundan əvvəl gəlmişdim. İndi yenidən gəlmişəm. Bilirəm ki, çoxlu dəyişikliklər var. Yəqin ki, siz də bunların hamısını görürsünüz. Son bir neçə ay ərzində böyük dəyişikliklər baş veribdir. Mən çox şadam ki, burada belə gözəl abadlıq, quruculuq işləri aparılır, insanların yaxşı yaşaması üçün bütün şərait yaradılır. Mən əminəm ki, gələcək illərdə də bu işlər bu sürətlə davam edəcəkdir və Qax Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Bunun üçün bütün imkanlar var. Gözəl təbiəti var, burada çox zəhmətkeş insanlar yaşayırlar. Həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün böyük potensial var. İndi Bakı-Balakən avtomobil yolunun tikintisinə başlamışıq. Bu da gözəl, çox müasir yol olacaqdır.




 

HEYDƏR ƏLİYEV MUZEYİ FƏALİYYƏTƏ BAŞLADI

 

Prezident İlham Əliyev həmin gün Qax şəhərinin mərkəzində Heydər Əliyev muzeyinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Qax şəhərinin Heydər Əliyev küçəsində yerləşən muzeyin tikintisinə 2007-ci ildə başlanmışdır. Binanın layihəsini "Azkommunallayihə" institutu hazırlamış, tərtibat işlərini Heydər Əliyev Fondunun rəhbərliyi ilə "Elit" dizayn şirkəti həyata keçirmişdir. Muzey ekspozisiya salonu, kitabxana, oxu zalı, inzibati və yardımçı otaqlardan ibarətdir.

Ekspozisiya salonunun ümumi sahəsi 190 kvadratmetrdir. Burada ulu öndərin büstü qoyulmuşdur. 8 bölmədən ibarət ekspozisiyada ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər, müxtəlif kitablar və digər nəşrlər toplanmışdır. Muzeydə 7 ədəd kompüter qoyulmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ekspozisiya ilə tanış oldular, oxu zalına, otaqlara baxdılar.

Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

 


QAX ŞƏHƏRİNDƏ İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR 

Qax şəhərində idman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.

 Mərasimə toplaşan inşaatçılar, şəhər sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dövlətimizin başçısını kompleksin əsas texniki iqtisadi göstəriciləri ilə tanış etdi. Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, ümumi ərazisi 5 hektar olacaq kompleksin layihəsini "Azkommunallayihə" institutu hazırlamışdır. Tikintinin smeta dəyəri 6,5 milyon manatdır.

Əsas binada universal idman salonu, məşq salonları, inzibati otaqlar, habelə 25 metrlik üzgüçülük hovuzu yerləşəcəkdir. Kompleksin həyətində 2 min yerlik tribunaları olan futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, habelə idmançıların qalması üçün hər biri dörd nəfərlik 4 kottec tikiləcəkdir.

Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü.

İnşaatçıları təbrik edən dövlətimizin başçısı tikinti işlərinin vaxtında və müasir standartlara uyğun, keyfiyyətlə başa çatdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Bununla da Prezident İlham Əliyevin Qax rayonuna səfəri başa çatdı.

 



RÖVZƏT DƏMİRÇİZADƏNİN YENİ ŞEİRLƏR KİTABI

 

Dünyaya və özümə bir baxış

 

Həmyerlimiz Rövzət Dəmirçizadənin "Dünyaya və özümə bir baxış" adlı yeni şeirlər kitabı "Təbib" nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Kitabın redaktoru Jövdət Məmmədzadədir. Kitabın ön sözündə bildirilir ki, Rövzət Dəmirçizadə 20 yaşında ikən bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş, ancaq əlil arabası ilə hərəkət edir. O, Azərbaycan Dövlət Pedaqoci İnstitutunun filolo fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk "Qatarda" kitabı 1968-ci ildə işıq üzü görmüş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Sonralar "Tut ağacım" (1971), "Səhər duyğuları" (1974), "Səslər" (1978), "Çörək ətri" (1981), "Ürəyimdə yaşayanlar" (1986) və "Arzu gülü" (1990) adlı şeir kitabları çap edilmişdir.

 

MÜƏLLİF SÖZÜ:

-Sovet dövründə nəşriyyatlar dövlətin sərəncamında idi. Nəşriyyata təqdim edilən əsər tənqidçi rəyindən sonra çapa layiq bilinərsə plana salınmaq üçün nəzərə alınır və Mətbuat Nazirliyində təsdiqə göndərilirdi.

1987-ci ildə "Yazıçı" nəşriyyatına verdiyim şeirlər toplusunun plana salınması üçün baş redaktor Sabir Rüstəmxanlı göstəriş versə də, kitabın çap edilməsi ildən-ilə keçirilirdi. Mən kitabın çıxacağına əmin olduğum üçün, həmin ərəfədə yazdığım yeni şeirlərimi vaxtaşırı topluya əlavə edirdim. İstəyirdim ki, kitab dövrlə səsləşən şeirlərlə zəngin olsun. Ancaq sən saydığını say… deyiblər.

O vaxt nəşriyyatdakı kadr dəyişiklikləri nəticəsində kitabımın nəşri məsələsi daha da müşkülə düşdü və 1993-cü ildə nəşriyyatın maliyyə durumunun pisləşməsi səbəbindən yeddi müəllif vərəqi həcmi olan kitab çap edilmədən, təqdim etdiyim iki nüsxədən biri özümə qaytarıldı. Ötən illər ərzində imkansızlıq ucbatından üzə çıxarılmayan bu kitaba həmin topludakı əsərlərin əksəriyyəti ilə yanaşı, sovet dövründə çap edilən kitablarıma redaktorlar tərəfindən salınmayan və sonrakı illərdə yazdığım şeirlər də daxil edilmişdir. Kitab haqqında rəyinizi müəllifə çatdıra bilərsiniz.

Tel. 570-84-03. E-mail: d rövzet:@rambler.ru.

 


Vahid Hüseyn

Taleyinin yazarı

Müəllif bu topluya əvvəlki kitablarında çap edilməyən, ancaq müxtəlif illərdə yazdığı şeirləri bir neçə başlıq altında daxil etmişdir. Kitabı oxuduqca bir daha əmin oldum ki, Rövzət öz taleyinin yazarıdır. Lakin onun şeirlərində duyğu və düşüncələr ümumən insanın arzu və istəkləriylə üst-üstə düşür – deyə oxucuya çox doğma və anlaşıqlı olur.

"Ömür-gün" bölməsindəki şeirlərdə şair dünyanın sirli hadisələrinə heyranlıqla baxır, onları araşdırmağa cəhd edir. Ömrün çətin çağlarında insanın daxili aləmini, xalqa, Vətənə bağlılığını ümidli, ümidsiz anlarını, taleyin qismətini adi məişət görüntülərində göstərir və primitivliyə enmədən toxunduğu mövzuları poetik yüksəkliyə çatdıra bilir.

Ən böyük hünər özünə kənardan baxmaq, öz daxili aləmini görmək bacarığıdır. Özünü anlamaq başqasını başa düşmək, həyatı, dünyanı dərk etmək deməkdir. Bu cəhətdən "Özünə bir baxış", "Qaradamı" bölməsindəki şeirlər müəllimin özünə, dünyasına tuşlanıb. Bir qədər pessimist əhval-ruhiyyə məqamlarında, sanki həyatla ölüm arasında çırpınan insanın həyəcan və iztirablarından doğulubsa da, canında, qanında, fiziki-cismani ağrını, əzabı duyan insanın həyat eşqinin, yaşamaq uğrunda mübarizə əzminin də şahidi oluruq. Bu anlarda ümidsiz qəlbdəki həyat rüşeymi şeiriyyət mikroskopunda böyüdülüb ki, insan ölümü asanlıqla qarşılaya bilsin. Yaşadığımız günlər bunu istəyib - istəməməyimizdən asılı olmayaraq yuxularımızdan tutmuş arzularımıza qədər hər heyə öz möhürünü vurur. Görünür, elə bu ovqatın təsiri altında şair son vaxtlar həyat yolunun məntiqi sonucu haqqında düşüncələrə dalıb, daha çox tale, qismət mövzusunda şeirlər yazıb. "Yeldöyəndən gələn səslər", "Vətən dərdi" bölməsindəki şeirlərdə müəllif dünyada baş verən dəyişikliyə, yeniləşməyə biganə qalmır. Hadisələr burulğanında baş çıxarmağa çalışır, onları say-çürük edir, yaxın tariximizə aid olan, xalqımızın ağrılı-acılı günlərinə nəzər salır, cari həyatımızdakı önəmli olaylara münasibətini bildirir. Lirik obrazın taleyi ümumən taleyinə qaynayıb-qarışır. İnanırsan ki, o, həyatını xalqın, Vətənin qayğıları, dərd-səri ilə yaşayır və belə həyat tərzi onun dünyagörüşünə, poetik təfəkkürünə hopub şeirlərdə əksini tapır. Rövzət təkcə tərənnümlə, sevinc, kədər doğuran həyat faktlarının təsdiqi ilə kifayətlənmir, həmçinin, inkişafa mane olan mənfilikləri sözün predmetinə çevirir. "Bir yığın insan", "Təmsillər" və s. başlığı altında toplanan şeirlər müəllifin mənfilikləri görmək və göstərmək bacarığından xəbər verir. Şair gözəlliyi insanın özündə, onun mənəvi dünyasında, daxili aləmində axtarır. "Qısa sətirlər" və "Uşaqlar üçün" yazılmış şeirlər də maraqla oxunur.

Kitabda sevgiyə həsr edilmiş qəzəllərin və şeirlərin əsas məziyyəti həyatiliyidir. Bu şeirlərdə romantik ruh reallıqla birləşdiyinə görə təbii səslənir. Vüsal və həsrət duyğularını, etirafını pıçıltıyla oxucuya çatdıran şair bəzən başqalarının da məhəbbət macəralarına münasibət bildirir. Məhəbbətin mühitlə təması, bu təmasın sevən ürəkdə oyatdığı ovqat, həyəcan əlvan boyalarla təsvir olunur.

Əvvəlki kitablarının da oxucusu kimi deyə bilərəm ki, Rövzət fərdi yaradıcılıq üslubuna malik şairlərimizdəndir. O, şeiri fəhmlə yazır və fikrin obrazlı ifadə tərzi ilhamına xas bir keyfiyyətdir. Şeirin məzmun-forma qırılmazlığı tələbini gözləyir, demək olar ki, bütün ölçülərində eyni uğurla yazır. Onun şeirləri ritorika və uydurmaçılıqdan, sünilikdən uzaq, ürəyəyatımlı duyğu və düşüncələrlə zəngindir.

Rövzət bu topluda da yaradıcılıq qayəsinə sadiq qalmış, poetik təfəkkürün orijinal nümunələrini oxucuların mühakiməsinə vermişdir. Şübhəsiz, kitabla tanış olan hər kəs burada təqdim etmədiyim daha geniş və rəngarəng bir poetik aləmlə üzləşəcəkdir.


 

 
ŞEİRLƏRƏ NƏZƏR SALARKƏN…

  BÖYÜKLÜK

 

Ulu öndərimiz Heydər Əliyevə

Allah qismətinə böyüklük verdi,

Müqəddəs niyyətlər keçdi başından.

Xalqının arzusu, qayğısı, dərdi,

Gündüzlü-gecəli durdu qarşında.

 

Qarışıq zamanda, qorxulu gündə,

Qorxub çəkinmədən qabağa çıxdın.

Hünərli işinlə, müdrik sözünlə,

Millətin başını bir yerə yığdın.

 

Xalqı uçuruma aparanlara

Dərs verib köməyə ilk çatan oldun.

Əlçatmaz xəyala qapılanlara

Əsil həqiqəti anladan oldun.

 

Əl çəkə bilməyib davalarından

Pislik edənlərə yaxşılıq etdin.

Keçib suçlarından, günahlarından

Sən neçə namərdə mərdlik öyrətdin.

 

Hər səpilən toxum göyərmir deyə

Əvvəldən axırı fikirləşən.

Sabahı bugündən qoyub çəkiyə

Ağlın işığıyla yolu seçirsən.

 

Gündəlik işində dərin düşüncə,

Məramın həmişə ali məramdır.

Ən böyük istedad sahibi, məncə

Böyüklük eləyə bilən adamdır.

 

Böyüklük eləmək istəyən kəslər

Demirəm xəyali göylərdən ensin.

Böyüklük eləmək istəyən kəslər

Baxıb, böyüklüyü səndən öyrənsin.

 

Böyüklük eşqinə düşənlər qəti

Bilsin ki, istəklə, həvəslə olmur.

Böyüklük eləmək qabiliyyəti

Allah vergisidir, hər kəsdə olmur.

 

Xalqın sevincində, dərdi-sərində,

Xalqdan yüksəlmisən, xalqa enmisən.

Vətəni ucaldan əməllərinlə,

Yaşaya-yaşaya ucalmısan sən.

 

Qaranlıq məqama gur işıq saldın

Yanmayanların da yandın yerinə.

Qafqazda ən uca zirvə sən oldun

Qarışdın dünyanın zirvələrinə.                

                                          1994

  

ŞƏKİ-İPƏK ŞƏHƏRİ

 

Mən ipək şəhəriyəm,

gül-çiçək şəhəriyəm.

Hər bir yaşım yaşar aləmdə;

Yuxarıbaşda - qocalığım,

aşağıbaşda - ucalığım.

Elə bil ki, ulu dağlar

karvan-karvan dəvə kimi

zamansa yatıb burda.

Dağlar mənim - babalarım,

oturmuşam qucağında nəvə kimi.

Əyilməz bir keçmişim var,

şöhrətimi yer üzündən silməkçün

coşqun axıb sellər-sular, yad ordular.

Əsrlərin yükü altda əzilmədim.

Sıx meşələr, göy yaylaqlar

Bağça-bağlar diyarıyam.

Küçələrin yaşıl-yaşıl

tunellərində şığıyıb çıxır,

böyük-böyük şəhərlərdən

qonaq gələn binaların əlini sıxır.

Pillə-pillə yamac enən evlərimlə

sanki amfiteatram mən.

Bu dünyanın səhnəsində

oynanılan tamaşalara baxıram mən.

 



MÜDRİK KƏLAMLAR

  • Təbiət insanı yaradıb ki, özünü dərk eləsin.
  • Qüdrət-əzələdən yox, iradədən doğur.
  • O adamdır ki, o öz xoşbəxtliyini yaşayır, duyur.
  • Hər ötəri sevgidən qaçan - ən təmiz, ən ülvi sevgiyə qovuşmaq həsrətində olandır.
  • Kəlbətin ona görə qürrələnir ki, onun möhkəm dişləri var. mismar o zaman qorxur ki, beli əyilib.
  • Həkim-ümiddir. Hətta ümidsiz xəstə üçün də.
  • Ölüm-pisliklərə son qoyacaqsa, qiymətlidir.
  • Zalım o şəxsdir ki, öz xeyri naminə başqalarının cismani və ya mənəvi əzabına səbəb olur.
  • Düşmənin üsullarından ona qarşı istifadə etmədiyimizə görə böyük faciələrə düçar olmuşuq.
  • Zorakılıq hücumu məruz qalmayınca güzəştə getmir.
  • "Necə yaşayırsan?" sualı "Nə üçün yaşayırsan?" sualından sanballıdır. Hara getdiyini bilən, yolun xeyrədirmi?
  • Cəsarətsiz addım atmaqdan qorxduğuna görə çox danışır.
  • Pis adam da kiməsə qarşı xeyirxah ola bilər. Odur ki, təkcə yaxşılıq edən yox, heç kəsə pislik etməyən yaxşı adamdır.
  • Ən nəzakətsiz şəxs öz fikrini başqasına zorla qəbul etdirməyə çalışandır.
  • Tanrı əclafları öldürmür. Müvəqqəti olaraq "ölü" şəklinə salıb birbaşa cəhənnəmə göndərir.
  • Nataraz adamı hərdən təhqir etmək lazımdır ki, düşüncələrini təzədən götür-qoy  etsin.
  • Azad adam göstəriş verəni olmayandır.

 


 

Qurtuluş SÜLEYMANLI

 

GÖRÜM SƏNİ

…Gözəl camalını görsün göz, danış

Dilini bal eylə, şirin söz danış.

Yalandan uzaq ol, doğru, düz danış,

Ömrün zirvəsində dağ görüm səni.

 

Aytək nur işıqlı camal olmusan,

Könül oylağında maral olmusan.

Aşkarda görünməz xəyal olmusan,

Girib ürəyimə - bax, görüm səni.

 

Axtarım mən səni necə bilmirəm?

Dəryasın içidən keçə bilmirəm.

Bulaqsan suyundan içə bilmirəm,

Çay olub yanımdan ax, görüm səni.

 

Şəklini gözümün üstən asmışam,

Adını könlümə çoxdan yazmışam.

Ömrün gecəsində yolu azmışam,

Alış, ildırımtək çax, görüm səni.

 

Qurtuluşam eşqin əzəli sənsən,

Könlümün söz, şer, qəzəli sənsən.

Dünyanın birinci gözəli sənsən,

Ölüncə, əbədi sağ görüm səni.

 

NƏ VAXTA QALDI?

 ("Dünya və insan" silsiləsindən)

 

Dünyanı görməyə göz tapammıram,

O canda bir sifət, üz tapammıram.

Dilində şirinli söz tapammıram,

Danışıb gülməyin nə vaxta qaldı?

 

Gir yaşa qəlbimin ol ortasında,

Bitmisən bağçamın sol ortasında.

Yolunu gözlərəm yol ortasında,

Yanıma gəlməyin nə vaxta qaldı?

 

Sevək gözəlliyi həyat ucalsın,

Yaşadaq bu eşqi ömür güc alsın.

Canıma yanmağın bir yana qalsın,

Dərdimi bilməyən nə vaxta qaldı?

 

Hardadı arzusu diləyimizin,

İtir istiliyi çörəyimizin.

Gözləri ağlayan ürəyimizin,

Yaşını silməyi nə vaxta qaldı?

 

Qoruyaq bu eşqin etibarını,

Yaşat varlığında öz nübarını.

Əkdiyimiz o ağacın barını,

Mənimlə bölməyin nə vaxta qaldı?

 

Niyyətim yox mənim pənahdan başqa,

Ümidim qalmayıb sabahdan başqa.

Qurtuluş, tək birgə allahdan başqa,

Bilməzsən ölməyin nə vaxta qaldı?

   

      GEDİR?

Bir canla sol tərəf sağı bəyənmir,

Qaranı sevənlər ağı bəyənmir.

Təpədə yaşayan dağı bəyənmir,

Dünya da tərsinə, köndələn gedir.

 

Daimi yurd-yuva salmayır heç kəs,

Həyatdan əsl kam almayır heç kəs.

Qurdla qiyamətə qalmayır heç kəs,

Özünə var-dövlət çox bölən gedir.

 

Vicdanla yaşamaq yalan deyildir,

Hər ruzi xalqındır, talan deyildir.

Dünya Süleymana qalan deyildir,

Ömrün sonu var, hər gələn gedir.

 

"Mənəm-mənəm" deyib göylərdə durma,

İnsan ol, harama əlini vurma.

İnsafı, mürvəti atıb qudurma,

Məzlumu ağladıb çox gülən gedir.

 

Qurtuluş, qalmasın insan pis günə,

Zəmanə kef vurur şeytana, cinə.

Arsızın gəlməyir dünya vecinə,

Heyf ki, qeyrətli, tez ölən gedir.

 

<<< "ŞƏKİNİN SƏSİ" qəzeti  web saytının Ana səhifəsi