Kompüter Azərbaycan dilinin orfoqrafiya qaydalarını yoxlayır!


 

Nəhayət, Azərbaycan dilində də kompüter proqramları meydana çıxmağa başlayır. “Maykrosoft Ofis” proqramlarında işləyənlər bilirlər ki, ingilis, yaxud rus dilində mətn yığarkən, həmin dilin orfoqrafiya qaydalarına uyğun gəlməyən sözlərin altında qırmızı, qrammatik qaydalarına uyğun gəlməyən ifadə və cümlələrin altında isə yaşıl xətt əmələ gəlməklə avtomatik olaraq həm də düzgün variant göstərilir. Bu qayda, Azərbaycan dili üçün istisna idi. İndi isə...

Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının İKTMS birgə layihəsi  çərçivəsində Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması sistemi AzeriSpellChecker üzərində işlər başa çatmışdır. Bu proqramı kompüterlətinizə www.unicode.az saytından yükləyə bilərsiniz.

Düzdür, bizim “sistemşik”lərin düzəltdiyi proqram, ingilis və rus dilləri üçün olan anoloji proqramlar kimi qrammatik qaydaları yoxlaya bilmir,  hələlik yalnız, orfoqrafiya qaydalarını yoxlayır və söz ehtiyatı bir az kasad olduğundan, bəzən düz yazılan sözləri də “tanımır”. Lakin hər halda bu mütərəqqi bir addımdır və yəqin ki zaman-zaman, hər dəfə bir qədər də təkmilləşdiriləcəkdir.

Başqa bir maraqlı proqram isə Azərbaycan dilində yazılmış mətni, ingilis dilinə tərcümə edən və həm də ingilis dilində səsləndirə bilən “Dilmanc”dır. Bu proqramın əsas çatışmamazlığı isə ingilis dilindən əksinə, Azərbaycan dilinə tərcümə edə bilməməsidir.

Bütün bunların meydana çıxması sevindirici haldır, belə ki bizim onlara çoxdan ehtiyacımız var idi. Proqramı yaradan da bizim eloğlulardır, nə qədər adam uzun müddət gərgin əmək sərf etmişdir. Amma bizi təsirləndirən, təəssüfləndirən  bir amil də var. O da budur: Ehtiyacı olanlar biz, zəhmət çəkib düzəldən biz, istifadə edən də biz, amma təşəbbüs göstərən, bunun yaradılmasını tələb edən xaricilər, nə bilim, Amerikanın “Maykrosoft” şirkəti, BMT, Avropa Şurası... Demək, onlar tələb etməsəydilər biz də həmin proqramları düzəltməzdik! Qəribədir, Azərbaycan dilinin inkişafı üçün nəyə görə biz yox, daha çox xaricilər səy göstərməkdədirlər?!

Aydın Məmmədov, 2006

<<Ana səhifə