15.03.2008

“JURNALİSTLƏRDƏN JURNALİSTLƏRƏ” KİTABININ

TƏQDİMAT MƏRASİMİ 


(materialı bizə Murad Nəbibəyli təqdim etdi)


 

      Britaniya Şurası (British Council) təşkilatı tərəfindən bu günlərdə “Şəki-Saray” otelinin konfrans zalında “Jurnalistlərdən jurnalistlərə” adlı yeni kitabın təqdimat mərasimi keçirilmişdir. Mərasimə Şəki, Qax, Balakən, Oğuz, Zaqatala və Qəbələnin kütləvi informasiya vasitələrində işləyən yerli jurnalistlər dəvət olunmuşdular.

      Tədbirdə Britaniya Şurasının layihə koordinatoru Samir Əliyev çalışdığı təşkilatın maliyyə dəstəyilə həyata keçirilən “Dövlət Proqramlarının monitorinqində medianın rolunun artırılması” layihəsinin məqsədi, layihə çərçivəsində görülmüş işlər, kitabın həmmüəlliflərindən olan Mübariz Cəfərov isə kitabın məzmunu, onun zəruriliyi və jurnalistlərə verə biləcəyi töhfə barədə iştirakçılara məlumat vermişlər.

      Mərasimdə çıxış edən “Şəki” qəzetinin redaktoru Akif Salam, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli, qocaman yazıçı-jurnalist-alim Sabir Əfəndiyev, “Azərbaycan təhsili” qəzetinin redaktoru Arif Azəri, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Rəfael Mənəfov və başqaları “Jurnalistlərdən jurnalistlərə” kitabı barədə, eləcə də mətbuatın qayğı və problemləri ilə bağlı ürək sözlərini bildirmişlər. Mətbuat sahəsində zəngin ənənələri olan “Şəki”, “Şəkinin səsi”, “İpəkçi”, “Şəki Bələdiyyəsi”, “Şəki təhsili”, “Region Şəki”, “Azərbaycan təhsili” qəzetlərinin, respublika mətbuatının və televiziyanın yerli nümayəndələrinin fəaliyyət göstərdikləri Şəkidə müasir tipli poliqrafiya müəssisəsinin, Mətbuat evinin təşkil olunmasının vaciblii xüsusilə vurğulamışdır.

      Mərasimdə qeyd edilmişdir ki, “Jurnalistlərdən jurnalistlərə” kitabı Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən “Dövlət Proqramlarının monitorinqində mediyanın rolunun artırılması” layihəsi çərçivəsində nəşr edilib. Nəşrin Gəncə, Şəki, Quba Lənkəran və Mingəçevirdə yerli jurnalistlər üçün təqdimatının keçirilməsi planlaşdırılmışdı. Artıq Lənkəran və Qubada təqdimat mərasimləri keçirilib.

      Cənubi Qafqazın otuza qədər jurnalistinin həmkarlarına töhfəsi olan və “Jurnalistlərdən jurnalistlərə” adlanan bu kitabda jurnalistikanın prinsipləri, jurnalist etikası, Cənubi Qafqaz ölkələrinin kütləvi informasiya vasitələri haqqında qanunlarının analizi, jurnalist araşdırması, Dövlət proqramlarının monitorinqində mətbuatın rolu, informasiya mənbələri haqqında təcrübələr, beynəlxalq jurnalistika standartları və tövsiyyələri əksini tapıb.

      Məlumat üçün bildirək ki, British Council təşkilatının dəstəyi ilə həyata keçirilən “Dövlət proqramlarının monitoringində mediyanın rolunun artırılması” layihəsi artıq iki ildir ki, davam edir. Layihə çərçivəsində Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışan səkkiz jurnalist Londonda on günlük treninq keçib və həmin jurnalistlərin iştirakı ilə Bakı, Lənkəran, Şəki, Quba və Gəncədə jurnalistlər üçün treninq təşkil olunub.

      Layihənin məqsədi mətbuatın mərkəzi və yerli hökumətlərin icra etdiyi işlərin səmərəli monitorinqi yönümündə qabiliyyət və peşəkarlığının daha da artırılmasıdır. Bu layihə gələcəkdə hökumət proqramlarının həyata keçirilməsində şəffaflıq və məsuliyyətin təbliğatına öz töhfəsini verəcək, həmçinin hökumətin fəaliyyəti barədə maariflənmiş ictimai müzakirələrə zəmin yaradacaqdır.

       <<< Ana səhifə