Baş səhifə‎ > ‎

15.11.2008.№ 432-433 a

1. 2

ŞƏKİ ÖZ İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNDƏ

Şəkidə gənclərin ordu sıralarına payızçağırışı uğurla başa çatdırılmışdır 

"VƏTƏN BİZİM AND YERİMİZDİR..."

ŞƏKİNİN KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR 

TORPAQ MÜLKİYYƏTÇİLƏRİ DÖVLƏT QAYĞISINA ƏMƏLİ İŞLƏ CAVAB VERƏCƏKLƏRİNİ BİLDİRİRLƏR 

ŞƏKİDƏ İSTEHSALÇILARLA ŞİRKƏT NÜMAYƏNDƏLƏRİNİN TAXILIN ALQI-SATQISI İLƏ BAĞLI GÖRÜŞÜ KEÇİRİLMİŞDİR 19

Salis müəllimi sözün düzünü yazan, həqiqət uğrunda döyüşən bir qəzet redaktoru kimi tanıyıram 37

 

 


 

ŞƏKİ ÖZ İNKİŞAFININ YENİ MƏRHƏLƏSİNDƏ

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA FƏALİYYƏT GÖSTƏRƏN ŞURANIN  YIĞINCAĞINDA ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM

İBRAHİMOVUN "ŞƏKİNİN 2008-Cİ İLİN 9 AYININ SOSİAL-İQTİSADİ YEKUNLARINA 

QARŞIDA DURAN  VƏZİFƏLƏRƏ DAİR" HƏSR OLUNMUŞ MƏRUZƏSİNİ DİNLƏYƏRKƏN…

 

Məruzəçi  "Şəkinin 2008-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə dair" həsr etdiyi hesabat məruzəsində ilk növbədə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, belə bir vacib məsələnin müzakirəsi ölkəmiz üçün çox əlamətdar hadisələrlə zəngin olan bir dövrə təsadüf edir. Məruzəçi  oktyabr ayının 15-də xalqımızın Azərbaycan Respublikasının prezidenti seçkilərində ölkəmizin sabit inkişafına, tərəqqiyə, sevdiyi və inandığı insana - cənab İlham Əliyevə səs verməklə, ölkə əhalisinin bu seçkilərdə yüksək fəallıq nümayiş etdirdiyini bir daha qeyd etmişdir. Minlərlə yerli və xarici müşahidəçilər seçkilərin tam demokratik şəraitdə, mütəşəkkil keçdiyini, nəticələrə təsir edə biləcək amillərin olmadığını öz dilləri ilə təsdiqləmişlər.

Cənab prezidentimiz İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanmışdır. Azərbaycan xalqı ilk növbədə bu seçkilərdə Heydər Əliyev siyasi kursuna səs vermişdir. Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə başa çatdıra biləcək bir şəxsə - cənab İlham Əliyevə yenidən etibar etmişdir. İlham Əliyevin bu qələbəsinin önündə həmçinin son beş ildə Azərbaycanda həyata keçirilən nəhəng layihələr, böyük işlər və qazanılmış əzəmətli nailiyyətlər dayanmışdır. Xalq üzümüzə gələn beş ildə də bu quruculuğun və inkişafın davamlı olmasına səs vermişdir. Xalq əsil siyasətinin konkret və əməli iş olduğunu sübut edən, sözü və əməli vəhdət təşkil edən bir etibarlı insana – prezidentə səs vermişdir.

Məruzəçi salona müraciət edərək, yığıncaq iştirakçılarını, bütün şəkililəri bü böyük qələbə münasibətilə ürəkdən təbrik etmiş, cənab Prezidentimizə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Qeyd edilmişdir ki, Şəkidə də prezident seçkiləri yüksək fəallıq şəraitində keçmişdir. Şəki rayonu ərazisində fəaliyyət göstərən 113, 114, 115 saylı seçki dairələrinə daxil olan 109 məntəqənin hər birində yüksək hazırlıq işləri görülmüş, bütün məntəqə seçki komis- siyaları zəruri texniki və əyani vasitələrlə təmin olunmuşdu. Seçkiqabağı təşviqatın aparılması, habelə, təşviqat materiallarının xüsusi lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdı. Şəkidə keçirilən seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Seçki Müşahidə Missiyasının üzvləri - ABŞ və Hollandiyadan olan uzunmüddətli müşahidəçilər - Rubi Norfok və Ben Qroyen, habelə MDB-dən olan müşahidəçilər izləmişlər. Seçki günü isə Şəki şəhərin də ATƏT və MDB-dən olan 40 nəfərə yaxın müşahidəçi müxtəlif seçki məntəqələrində seçkinin gedişini izləmiş və heç bir qanun pozuntusunu qeydə almamışdılar. Seçkilər başa çatdıqdan sonra Şəkidə müşahidə aparan xarici müşahidəçilərdən biri - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Bakı ofisinin rəhbəri - Stok Teylor icra hakimiyyətinə gələrək seçkinin keçirilməsi üçün yaradılan şəraitdən razılığını bildirmiş, seçkilərdə şəhər əhalisinin yüksək fəallıq nümayiş etdirdiyini qeyd etmiş, hər yerdə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Məruzəçi qeyd etmişdir ki, 2008-ci ilin III rübünün yekunlarını rayonumuz üçün qazanılan əlamətdar hadisələrlə müzakirə edirik. Belə ki, sentyabr ayının 19-da hörmətli prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki şəhərində olub. Cənab prezidentimiz Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunun təməlqoyma mərasimində iştirak etmiş, "Aqro-İndastrit" MMC-nin rayonun Orta Zəyzid kəndi ərazisində tikilmiş müasir tipli süd emalı zavodu ilə tanış olmuşlar.

Şəkidə ictimaiyyətin bir qrupu ilə görüşü zamanı cənab İlham Əliyevin dediyi xoş sözlər bütün şəkililəri ürəkdən sevindirmiş və gələcək fəaliyyətlərində daha böyük işlər görməyə səfərbər etmişdir. Cənab prezident demişdir: "Çox şadam ki, bu gün yenidən Şəkidəyəm, sizinlə birlikdəyəm. Mən Şəkidə dəfələrlə olmuşam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyektlərin açılışını, yaxud da ki, təməlinin qoyulmasını birlikdə qeyd edirik. Bu gün də istisna deyil, bu gün Şəkidə ən müasir, dünya standartlarına cavab verə biləcək, yeni, böyük xəstəxananın təməlini qoyduq… Bilirəm ki, indi Şəkidə çox böyük quruculuq işləri aparılır. Şəhər gözəlləşir, öz tarixi simasını saxlamaq şərtilə müasirləşir, abadlaşır, yeni məktəblər tikilir, mədəniyyət ocaqları, küçələr abadlaşır. Yəni Şəki belə yaxşı inkişaf edir. Mən buna çox sevinirəm."

İcra başçısı eyni zamanda yığıncaq iştirakçılarının nəzərinə çatdırdı ki,  Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 13-də Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş yığıncağı keçirilmişdir. Cənab prezidentimizin dediyi kimi, artıq gözəl ənənəyə çevrilən bu hesabatlarda görülən işlər təhlil edilir, gələcək planlar müzakirə edilir və eyni zamanda bu iclaslar görülən işlər barədə bir növ xalqa verilən hesabat rolunu oynayır. Yığıncaqda çıxış edən hörmətli prezidentmiz demişdir: "Mən hesab edirəm ki, bunun çox böyük əhəmiyyəti var…. Hər üç aydan bir belə geniş müzakirənin aparılması böyük əhəmiyyət kəsb edir. Xüsusilə nəzərə alsaq ki, hər üç ayda Azərbaycanda yeni hadisələr, çoxlu yeniliklər baş verir. Bizim uğurlu iqtisadi inkişafımız çox dinamikdir və hər üç aydan bir deməyə sözlərimiz var."

Məruzədə qeyd edildi ki, 2008-ci ilin 9 ayında ölkəmizin sosial-iqtisadi inkişafında, əldə edilən uğurlarda Şəkinin də özünəməxsus payı var. Cari ilin 9 ayında Şəki şəhərinin büdcəsinin mədaxil hissəsi 101,8%  yerinə yetirilmişdir ki, bu da 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 51,6% çoxdur. Hesabat dövründə Şəki şəhərinin büdcəsinin yerli gəlirləri 109,6% icra edilmişdir. 2008-ci ilin 9 ayında istehsalın əsas sahələrində faktiki qiymətlərlə 166993,1 min manatlıq məhsul buraxılmışdır, bu da 2007-ci ilin 9 ayı ilə müqayisədə 41,5% artmışdır. Buraxılmış məhsulun 14% dövlət, 86% isə qeyri-dövlət bölməsinin payına düşür. Müddət ərzində adambaşına faktiki qiymətlərlə 982,3 manatlıq, yaxud 2007-ci ilin 9 ayı ilə müqayisədə 48,6% çox məhsul buraxılmışdır.

Ölkəmizdə yeridilən daxili siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Oktyabrın 13-də Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş yığıncaqda cənab İlham Əliyev demişdir: "Biz bu illər ərzində sahibkarlığın inkişafına böyük diqqət göstərmişik. Mən tam əminəm ki, Azərbaycanın gələcək uğurları sahibkarlığın inkişafı ilə bağlıdır. Sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcəyik. Həm dövlət büdcəsindəna ayrılan kreditlər, həm də digər iqtisadi addımlar sahibkarlığın inkişafına xidmət göstərəcəkdir."

Məruzəçi bildirdi ki, Şəkidə də iş adamlarına və sahibkarlara şəhər rəhbərliyi, eləcə də digər yerli strukturlar tərəfindən həssaslıqla yanaşılır. Bunun nəticəsidir ki, sahibkarlar tərəfindən Şəkinin iqtisadiyyatına qoyulan sərmayə ildən-ilə artır. Sevindirici haldır ki, bu gün Şəkidə fəaliyyət göstərən sahibkarlar, iş adamları istehsal sahələrinin yaradılmasına daha çox fəallıq göstərirlər. Dövlət tərəfindən sahibkarlığa yaradılan əlverişli şəraitdən istifadə edən sahibkarların iqtisadiyyata investisiya qoyuluşu ildən-ilə artır.  

2008-ci ilin 9 ayında Şəkidə dövlət əmlakının özəlləşdirilməsi, dövlət müəssisələrinin icarəyə verilməsi, investisiya qoyuluşu və digər sahələrdə mühüm işlər görülmüşdür. Müddət ərzində 3 səhmdar cəmiyyətin səhmlərinin pul hərraclarında satılması təmin edilmiş, nəticədə dövlət büdcəsinə 95307 manat vəsait ödənilmişdir. 2008-ci ilin 9 ayı ərzində 9 kiçik dövlət müəssisəsi icarəyə verilmiş, 6 qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. 2008-ci ilin 9 ayında Şəkidə fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının filialları tərəfindən öz vəsaitləri hesabına 45 464 700 manat hüquqi və fiziki şəxslərə kredit verilmişdir. 2008-ci ilin 9 ayında Şəkidə 6341 yeni iş yeri açılmışdır. Onlardan  611-i daimi, 5730-u isə müvəqqəti və mövsümi iş yerləridir.

Bəhs olunan dövrdə əmək haqları, pensiyalar və ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, bu sahədə fəaliyyət göstərən infrastrukturun yenidən qurulmasında və əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2008-ci ilin 9 ayı ərzində 2893 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Hər bir nəfər ailə üzvünə təyin edilən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği Şəki rayonu üzrə 20,24 manat, hər bir ailəyə düşən orta aylıq məbləği isə 91,42 manat təşkil etmişdir.

Müddət ərzində Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3729 nəfərə sosial müavinət təyin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi tərəfindən 2008-ci ilin 9 ayında 26041 nəfər əmək pensiyaçısına xidmət göstərilmişdir. Həmin pensiyaçılardan 17815 nəfəri yaşa, 6783 nəfəri əlilliyə, 1443 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Kənd yerlərində yaşayan pensiyaçılara plastik kartların verilməsi sahəsində xeyli iş görülmüşdür. 01 oktyabr 2008-ci il tarixə kənd yerlərində yaşayan 11093 nəfər pensiyaçı plastik kartla təmin olunmuşdur. 21 kənddə yaşayan pensiyaçılar artıq öz təqaüdlərini plastik kartlarla alirlar.

Məruzədə Şəki rayonunda ötən illərdə olduğu kimi, 2008-ci ilin 9 ayında da kənd təsərrüfatının mövcud sahələrinin müasir elmi nailiyyətlər əsasında inkişaf etdirilməsindən, məhsul istehsalının artırılmasından, özəl bölmənin daha da genişləndirilməsindən söhbət açılmış, ilk növbədə bu işlərin daim diqqət mərkəzində saxlanıldığı, ərzaq təhlükəsizliyi məsələlərinin prioritet əhəmiyyətə malik olduğu diqqətə çatdırılmış rayonda aqrar sahənin inkişafı üçün bütün zəruri tədbirlər görüldüyü müddət ərzində taxılçılığın, üzümçülüyün, meyvəçiliyin inkişafına xeyli diqqət  yetirildiyi göstərilmişdir.

Məruzəçi və çıxış edənlər bildirmişlər ki, rayonda kənd təsərrüfatında aparıcı sahələrdən birini taxılçılıq təşkil edir. Taxılçılığın inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər nəticəsində bu il Şəkinin tarixində ilk dəfə olaraq 211 min ton taxıl istehsal olunmuşdur. Bu ötən illə müqayisədə 100 min ton çoxdur.

Yığıncağın gedişində bu da məlum olmuşdur ki, avqustun 30-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə taxıl istehsalçılarına məhsul satışında kömək məqsədi ilə Şəki şəhərində alıcı şirkətlərin nümayəndələri ilə fermerlərin görüşü keçirilmişdir. Bu rayonumuzda kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir. Müddət ərzində Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Şəkidə dəfələrlə olmuş, fermerlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışlar.

Üzümçülüyün, meyvəçiliyin inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Müddət ərzində 3 ha. sahədə yeni üzüm bağı salınmışdır. Hazırda təsərrüfatlarda köhnə üzüm bağlarının bərpası və yeni üzümlüklərin salınması istiqamətində işlər davam etdirilir.

 Qeyd edilmişdir ki, rayonumuzun Çələbixan qəsəbəsi yaxınlığında inşa olunan üzüm emalı müəssisəsinin fəaliyyətə başlaması üzümçülüyün inkişafına əhəmiyyətli şəkildə təsir göstərəcəkdir. "Aqroinvestkom" MMC-nin inşa etdiyi şərab zavodunun tikintisi artıq başa çatmaq üzrədir. Zavodun ümumi dəyəri 7 milyon avrodur. 4 hektar ərazini əhatə edən zavodda üzüm emalı sexi, inzibati bina və yardımçı tikililər inşa edilmişdir. Zavoda İtaliyanın "Bella Doffola SPA" şirkətinə məxsus 4,9 milyon avro dəyərində ən müasir texnoloci avadanlıqlar quraşdırılmışdır. Müəssisə ildə 2 min ton üzüm emal etmək gücünə malik olacaqdır.

Məruzədə Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən birinin də heyvandarlıq olduğu göstərilmişdir. Bizim üçün olduqca sevindirici haldır ki, cənab prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva Şəkiyə səfəri çərçivəsində sentyabrın 19-da rayonumuzun ən iri heyvandarlıq müəssisəsi olan "Aqro-İndastrit" MMC-nin süd emalı zavodunun açılışında iştirak etmişdir. Şəki-Oğuz yolunun kənarında 70 hektar  ərazidə yerləşən müasir tipli heyvandarlıq kompleksinin inşasına 2006-cı ildən başlanmışdır. Ümumi dəyəri 7,28 milyon avro olan kompleksdə damazlıq və südçülük sahəsi, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşir. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 baş cins inək gətirilmiş, adi və mexanikləşdirilmiş tövlələr tikilmişdir.  İcarəyə götürülmüş 400 ha. yaxın ərazidə heyvanlar üçün zəngin yem ehtiyatı yaradılmışdr. Gün ərzində müəssisədə 15 min litr süd istehsal olunur. Prezidentimiz bütün Cənubi Qafqazda bu ən iri heyvandarlıq müəssisəsində görülən işləri yüksək qiymətləndirmiş, bölgələrdə bü cür müəssisələrin yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir.

Məruzədə istər əkinçilikdə, istərsə də heyvandarlıqda məhsul istehsalının dinamik inkişafının təmin edilməsində suvarma işlərinin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyindən də söz açılmışdır. Müddət ərzində rayonda əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkisinin qarşısını almaq məqsədilə mövcud suvarma şəbəkəsində təsərrüfatlararası və təsərrüfatlar daxili kanallarda təmizləmə və bərpa işləri görülməsinin, 31 min hektardan çox əkin sahələrində suvarma işlərinin vaxtlı-vaxtında aparılmasının zəruriliyinə diqqət yetirilməsi vurğulanmışdır.

Bütün regionlar kimi Şəkidə də 2008-ci ilin 9 ayında yenidənqurma və tikinti-quruculuq işləri davam etdirilmişdir. Müddət ərzində yerli televiziyanın, 3500 yerlik şəhər stadionunun tikintisi başa çatdırıldığı göstərilmişdir. Qarabağ müharibəsi veteranları və şəhid ailələri üçün inşa olunmuş 24 mənzilli yaşayış evi sakinlərin ixtiyarına verildiyi göstərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq müddət ərzində Şin çayı üzərində ümumi uzunluğu 1350 metr olan körpünün, Baş Göynük və Kiçik Dəhnə kəndlərində 640 yerlik məktəb binalarının tikintisinin tezliklə istifadəyə veriləcəyindən söhbət açılmışdır.

Hesabat dövründə Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Müqaviləsi" layihəsi çərçivəsində şəhərin yuxarı hissəsindəki təxminən 300 il əvvəl inşa olunmuş "Taclıq" su kəmərinin təmiri və bərpası başa çatdırılmışdır. Ümumi uzunluğu 7 kilometr olan kəmərin bərpası üçün Yaponiya səfirliyi ilə "Şəki Vətəndaş Cəmiyyəti" QHT arasında qrant müqaviləsi imzalanmışdır. Su kəmərinin təmir-bərpası nəticəsində 4000 nəfərə yaxın əhalinin uzun müddətdən bəri davam edən su probleminə son qoyulmuşdur. Qeyd olunmuşdur ki, bu günlərdə Çapağan kəndi ərazisində Küngütçay üzərində ümumi uzunluğu 80 metr olan yeni körpü istifadəyə verilmişdir. Bu körpü Çapağan kəndinin 5 kəndlə əlaqəsinin daha da yaxşılaşmasına imkan yaradacaqdır.

Küçə və xiyabanların, prospektlərin, həmçinin yerli əhə miyyətli yolların abadlaşdırılması daim gündəmdə saxlanılmış, bir sıra yollarda əsaslı təmir və asfaltlaşma işləri görülmüş, şəhərin əsas küçə və prospektlərində müasir işıqlandırma sistemlərinin quraşdırılması davam etdirilmişdir. Belə ki, Qaraməryəm- İsmayıllı-Balakən magistral avtomobil yolunun yenidən qurulması ilə əlaqədar olaraq Şəki Olimpiya İdman Kompleksindən başlayaraq 3,4 kilometr  məsafədə yeni yol tikintisinə başlanmışdır.

Heydər Əliyev adına parkın genişləndirilməsi istiqamətində işlər başa çatdırılmış, burada yaşıllıqlar salınmış, xidmət sahələri, attraksionlar quraşdırılaraq sakinlərin ixtiyarına verilmişdir. Bu gün Heydər Əliyev parkı şəhər sakinlərinin ən sevimli istirahət yerinə çevrilmişdir. Şəhərimizin digər park və meydanlarının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Qısa müddət ərzində şəhərimizin müxtəlif ərazilərində musiqili, qalaqramalı fontanların, müasir üslubda işıq dirəklərinin, saatların quraşdırılması işi başa çatdırılacaqdır.

2008-ci ilin 9 ayında kommunal xidmət sahələrinin  fəaliyyətinin  günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən  işlər görülmüş, elektrik enerjisi və təbii qazla təchizatın səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. İstismar müddətini başa vurmuş elektrik daşıyıcı avadanlıqlar, transfarmatorlar əsaslı təmir və yeniləri ilə əvəz olunmuşdur. İstehlak olunumuş elektrik enerjisinin dəyərinin ödənilməsində müsbət irəliləyişlər əldə edilmişdir. Enerji haqlarının yığımı 90-100% səviyyəsinə çatdırılmışdır.

 2008-ci ilin 9 ayı ərzində Şəki Qaz İstismarı İdarəsi təbii qaz istifadəçilərinin ev təsərrüfatlarına 172 ədəd qaz sayğacı quraşdıraraq abonentlərin ümumi qaz sayğacı sayını 13864-ə çatdırmışdır. Müddət ərzində Göybulaq kəndində 87 ev təsərrüfatı təbii qazla təmin edilmişdir. Öryət kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Oxud, Qoxmuq və Cəfərabad kəndlərinin ev təsərrüfatlarına təbii qaz verilməsi istiqamətində bərpa və təmir işləri davam etdirilir. Yaxın günlərdə bu kəndlərə qazın verilməsi təmin olunacaqdır. 2008-ci ilin 9 ayı ərzində əhaliyə keyfiyyətli poçt rabitəsi xidməti göstərilmiş, poçt rabitəsinin bütün sahələrinin fasiləsiz işləməsi təmin edilmişdir. Hesabat dövründə 6 saylı şəhər poçt şöbəsi və Baş Göynük kəndində yeni poçt şöbələri fəaliyyətə başlamışdır.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, Şəki tibb məktəbi, pedaqoji, musiqi texnikumları və Dövlət Texniki Kollecində, Şəki Avtomobil məktəbində, eyni zamanda şəhərimizin 101 orta ümumtəsil məktəblərində, 61 məktəbəqədər uşaq müəssisəsində hesabat dövrü ərzində təhsil sisteminin tədrisi, təlim, tərbiyə prosesinin yüksək səviyyədə təşkili  daim diqqət mərkəzində saxlanmış, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Cənab prezidentimiz İlham Əliyevin xüsusi sərəncamına əsasən "Ümumtəhsil məktəblərinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi üzrə Dövlət Proqramı" çərçivəsində şəhər 10 saylı orta məktəbin əsas korpusu təmir olunaraq şagirdlərin istifadəsinə verilmiş, şəhər 3 saylı orta məktəbin isə əsaslı təmiri başa çatmaq üzrədir.  Müddət ərzində Aydınbulaq kəndində 220 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Yaxın günlərdə Baş Göynük və Kiçik Dəhnə kəndlərinin hər birində 640 yerlik, Dərəcənnət kəndində 240 yerlik, Kosalı və Aşağı Kəldək kəndlərinin hər birində isə 80 şagird yerlik məktəblər şagirdlərin istifadəsinə veriləcək.

Məlumat üçün bildirildə ki, növbəti illərdə Şəkidə 14 yeni məktəb binasının tikilməsi, 42 məktəbin isə əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Ümumtəhsil məktəblərinin fəaliyyətinin əsas göstəricilərindən biri də ali məktəblərə qəbulda məzunların göstərdiyi nəticələrdir. 2008-ci ildə Şəkinin 479 nəfər məzunu tələbə adını qazanmış, 50 nəfər 600-dən yuxarı bal toplamışdır.
Hesabat dövründə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində müxtəlif elm sahələri üzrə səmərəli elmi iş aparılmış, mühüm nəticələr əldə edilmişdir. İpəkçilik, ekologiyamızın qorunması, flora və faunanın, sellərin təbiətinin, milli irsimizin öyrənilməsi sahəsində mərkəzin əməkdaşları tərəfindən bir sıra elmi-tədqiqat işləri aparılmışdır.
Məruzəçi və çıxış edənlər bildirmişlər ki, yaxın zamanlarda Şəkidə regional elmi mərkəzin yeni inzibati binasının tikilməsi və Nəbatat bağının salınması nəzərdə tutulmuş, bu məqsədlə 15 hektar torpaq sahəsi ayrılmışdır. Həyata keçirilən bu işlər nəticəsində Şəkidə aparılan elmi tədqiqat işləri daha səmərəli nəticələr verəcəkdir.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun nəzdində olan 74 müalicə profilaktika müəssisələri, o cümlədən 19 dövlət xəstəxanası, 16 ambulator poliklinika, 39 tibb və feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərmişdir. 60 tibb müəssisəsinin  əsaslı təmirə ehtiyacı var. Rayonda hər 10 000 nəfərə 22 həkim, 75 orta tibb işçisi düşür.

Məruzədə nəzərə çatdırılmfışdır ki, 2008-ci il Şəkinin səhiyyə işçiləri üçün olduqca əlamətdar olmuşdur. Ona görə ki, cənab prezidentimiz İlham Əliyev şəhərimizdə tikiləcək Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir. Şəki şəhərinin girəcəyində, Olimpiya İdman Kompleksinin yaxınlığında inşa olunacaq bina Dünya Bankının  və Azərbaycan Hökumətinin birgə layihəsidir. "Tibbi xidmətlər sahəsində islahatların aparılması" layihəsi çərçivəsində tikilən yeni xəstəxana korpusunun I mərtəbəsində təcili tibbi yardım, poliklinika, diaqnostika, hemodializ, sterilizasiya şöbələri, laboratoriya, yeməkxana və s. fəaliyyət göstərəcək. Binanın II mərtəbəsində isə cərrahiyə, terapiya şöbələri və əməliyyat bloku yerləşəcəkdir.

Hazırda Şəkidə 7 muzey, 81 mədəniyyət abidəsi, 2 mədəniyyət və istirahət parkı,  Dövlət -Tarix Memarlıq Qoruğu,  Rəsm Qalereyası, Dövlət Dram Teatrı, 25 mədəniyyət evi və saray, 45 klub, 87 kitabxana, 5 uşaq musiqi və incəsənət məktəbi  fəaliyyət göstərir.

Yığıncaqda son dövrdə ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına böyük diqqət yetirildiyindən də misallarçəkilmişdir. Müddət ərzində Şəkidə I Ümumrespublika Uşaq "Kitab-Bilik" festivalı keçirilmiş, ABŞ-ın populyar estrada artisti Renni Kaufman maraqlı konsert proqramı ilə şəkililər qarşısında çıxış etmişdir.

Sentyabrın 20-də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası "Aftoqraf" curnalı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin birgə təşkilatçılığı ilə Şəkidə "İlhamla irəli" çağrışı altında avtomobil yürüşü və şəhərin mərkəzi meydanında avtomobil sərgisi təşkil olunmuşdur.

2008-ci ilin 9 ayında Şəkidə turizm infrasturukturunun yaradılması istiqamətində işlər davam etdirilmişdir. Müddət ərzində "Ümid", "Şəki safarisi", "Cənnət bağı" turizm istirahət mərkəzləri istifadəyə verilmiş, Fazıl kəndində yerləşən "Təpəbaşı nekropolu"nda son tamamlama işləri başa çatdırılmışdır. Bu nadir mədəniyyət abidəsi artıq şəhərimizin turizm marşrutuna daxil edilmişdir.

Şəkidə 17 siyasi partiyanın  yerli təşkilatı, 27 məscid, 21 dini icma fəaliyyət göstərir. "Şəki", "Şəkinin səsi", "Region Şəki", "Şəki bələdiyyəsi" və "Şəki Təhsili" qəzetləri çap olunur.

Hazirda Şəkidə 35 qeyri-hökümət təşkilatı və təşəbbüs qrupu vardır ki, onların fəaliyyəti əsasən maarifçilik, sosial sahədə layihələrin həyata keçirilməsi, müxtəlif təbəqələrdən olan vətəndaşların hüquqlarının müdafiəsi və problemlərinin həllinə yardım göstərilməsi ilə bağlıdır.    

İctimai -siyasi proseslərə fəal müdaxilə etmək imkanı olan partiyalarla aparılan iş vətəndaş cəmiyyəti quruculuğunun daha da təkmilləşdirilməsinə şərait yaratmışdır.

Müddət ərzində YAP Şəki təşkilatı prezident seçkilərində əhali içərisində kütləvi təbliğat və təşviqat işini genişləndirmişdir. Millət vəkillərinin də qoşulduğu və demək olar ki, bütün seçki məntəqələrini əhatə edən ərazilərdə sakinlərlə keçirilən görüşlərdə iştirak edən insanlar Azərbaycan Respublikası prezidentliyinə ən layiqli namizəd İlham Əliyevin vətənimiz və xalqımız qarşısında xidmətlərini layiqincə qiymətləndirmiş və ona səs verəcəklərini əminliklə ifadə etmişdilər.

Oktyabrın 10-da Şəkidə YAP Mərkəzi Qərargahının təşkilatçılığı ilə keçirilən "İlhamla irəli" seçki kompaniyasında 30 min nəfərə yaxın insan iştirak etmişdir. Şəkililər bu möhtəşəm aksiya ilə ölkə başçısına öz sədaqətlərini ifadə etmiş, yalnız onu Azərbaycan Respublikasının Prezidenti kimi görmək istədiklərini bildirmişdilər.

Avqustun 5-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şəkidə "Uşaqlar üçün yararlı Dünya" mövzusunda regional seminar keçirilmişdir. Seminarda BMT-nin Uşaq Hüquqları Konvensiyası və "Uşaqlar üçün yararlı Dünya Bəyannaməsi" haqqında məlumat verilmişdir.

ABŞ-ın German Marşall Fondunun proqramı çərçivəsində Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası "Gənc seçicilərin seçki kompaniyasında bilik, fəaliyyət və rollarının təkmilləşdirilməsi" layihəsi çərçivəsində Şəkidə gənc seçicilər və liderlər üçün regional təlim keçirilmişdir. 

Şəkinin 33 kənd və qəsəbə icra nümayəndəliyində keçirilən görüşlərdə  əhali tərəfindən   qaldırılan  qəsəbə və kəndlərin təbii qazla təmin olunması, bəzi yerlərdə elektrik dirəklərinin, naqillərin və transformator yarımstansiyalarının dəyişdirilməsi, icməli suya ehtiyacın olması, qəsəbə və kəndarası yolların, körpülərin təmiri, məktəb tikintisi, təmiri, səhiyə və mədəniyyət müəssisələrində təmir işlərinin aparılması, bənd tikintisi və s. barədə məsələlər Şəki Şəhər İcra Hakimiyyətinin tədbirlər planına daxil edilmiş, məsul şəxslər müəyyənləşdirilərək icrası nəzarətə götürül- müşdür. Qaldırılan bir sıra dövlət əhəmiyyətli məsələlərin həlli məqsədilə aidiyyəti idarə və təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün kənd və qəsəbələrdə bir sıra işlər görülmüşdür.  

2008-ci ilin 9 ayında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 124 cinayət hadisəsi qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə törədilən cinayətlərin sayı azalmışdır. Hesabat dövründə Şəki Şəhər Polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəricəsində narkomaniya ilə bağlı 11 fakt aşkar edilmişdir.

Respublikamizda ordu quruculuğunun sürətlənməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir. Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi hissələrlə daim əlaqə saxlamış, hərbi hissələrin yerli əhəmiyyətli problemlərini öyrənmiş, onların həlli istiqamətində bir çox tədbirləri həyata keçirmişdir. 2008- ci ilin 9 ayında Şəki Rayon Hərbi Komissarlığı tərəfindən 1067 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

2008-ci ilin 9 ayında 704 nəfər vətəndaş Şəki şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Həftədə bir dəfə şəhərin ayrı-ayrı məhəllələrində, qəsəbə və kəndlərində vətəndaşlarla görüşlər keçirilmiş, onların müraciətləri dinlənilmiş, tələb və təklifləri öyrənilmişdir. Müddət ərzində 34 səyyar qəbul keçirilmişdir. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilmiş, bəzi məsələlərlə bağlı edilən müraciətlərin icrası nəzarətə götürülmüş, bəzi məsələlər tədbirlər planına daxil edilmiş, bir sıra problemlərin həlli ilə bağlı yuxarı orqanlar qarşısında məsələlər qaldırılmışdır. 2008-ci ilin 9 ayında Şəki Şəhər icra Hakimiyyətinə respublikanın yuxarı orqanlarından 734, rayon əhalisindən isə 1660 müraciət daxil olmuşdur. Müddət ərzində yuxarı orqanlara unvanlanan müraciətlərin sayında azalma müşahidə olunmuşdur. Müraciətlər əsasən tikinti, təmir, mənzil məsələlərinə, maddi yardım, işlə təminat, torpaq məsələləri, kommunal xidmətlərin göstərilməsi və s. ilə bağlı olmuşdur.

İcra başçısının hesabat məruzəsində qeyd olunduğu kimi,Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nazirlər Kabinetinin 2008-ci ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş yığıncağında çıxış edən cənab İlham Əliyev demişdir: "Bütövlükdə 9 ayın yekunları çox müsbətdir…. 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hazırlanacaq. Bu, mövcud proqramın məntiqi davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll olunmamış məsələlərin hamısı salınmalıdır ki, növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur probemləri həll edilsin…. Bu işlərdə iştirak edən bütün insanlara mən öz təşəkkürümü bildirmək istəyirəm. Bu işləri görmək üçün çox böyük zəhmət sərf olunub, çox böyük fədakarlıq göstərilibdir. Bu beş il ərzində mənimlə bərabər bu işlərdə iştirak edən bütün insanlara öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm ki, beş il ərzində mənim siyasətimi dəstəkləmişdir."

İcra başçısı hesabat məruzəsinə yekun vurarkən bütün şəkililər adından ölkə başçısını əmin etmişdir ki, rayonumuzun son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar növbəti illərdə də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir. 

 

 

 

MƏRUZƏ ƏTRAFINDA MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETMIŞLƏR:

 

F. İbrahimov, Şəki şəhər Təhsil şöbəsinin müdiri

 Cavanşir Qurbanov Şəki Ərazi Kənd Təsərrüfatı şöbəsinin müdiri

Mahir Həsənov, Şəki əmək və Sosial Təminat şöbəsinin müdiri 

 Bayram Məmmədov, Şəki Su-Kanal Törəmə Açıq Səhmdar Cəmiyyətinin rəisi

Adil Mustafayev, Şəki Qaz İstismar İdarəsinin sədri

 

 

Rəfael MƏNƏFOV,

“Şəkinin səsi” qəzeti redaksiya

 heyətinin üzvü.

 

 


 

Şəkidə gənclərin ordu sıralarına payızçağırışı uğurla başa çatdırılmışdır

 

Şəki şəhər Hərbi Komissarı, polkovnik Əbdülxalıq Xəlilov müxbirimizlə söhbət zamanı bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Şəkidə də gənclərin ordu sıralarına payız çağırışı yüksək səviyyədə keçmişdir. Bu, bir daha göstərdi ki, şəkili gənclərin şüur səviyyəsi xeyli yüksəlmişdir. Əvvəlki illərlə müqayisədə Vətənin keşiyində durmağı, bu yurdu düşmənlərdən qorumağı özləri üçün böyük şərəf işi hesab edirlər. Elə buna görə də payız çağırışı kampaniyasında ordu sıralarından yayınma hallarına təsadüf edilməmişdir. Onların hamısı bizim "dəvətimizi" gözləmədən müəyyən edilmiş günlərdə Şəkiyə gəlmiş, əməkdaşlarımızla görüşmüş, məsləhətləşmiş və tibbi müayinədən keçmişlər.

Payız çağırışı üç mərhələ üzrə aparılmışdır. Bu üç mərhələnin hər biri izdihamlı olmuş, əsl toy-bayram kimi keçirilmişdir. Şəhər ictimaiyyətinin nümayəndələrinin və valideynlərin ordu sıralarına yola düşən gənclərlə izdihamlı görüşləri hamımızda hədsiz ruh yüksəkliyi yaratmış, qəlbimizdə fərəh hissi doğurmuşdur. Gənclər musiqi sədaları altında Azərbaycan bayrağını öpmüş, onun altından keçmiş, Vətənə əsl oğul qeyrəti ilə qulluq edəcəklərini bildirmişlər. Böyük Vətən və Qarabağ müharibəsi veteranları, valideynlər, el ağsaq- qalları ordu həyatına yenicə qədəm qoyan şəkili gəncləri Vətən yolunda daim mübariz olmağa, hərbi texnikaya səylə yiyələnməyə, ko- mandirlərin bütün əmr və göstərişlərinə əməl etməyə, hər yerdə Şəkinin başını uca etməyə çağırmışlar.

Sonra komissarlığımızın əməkdaşları ordu sıralarında hazırda nümunəvi xidmət edən həmyerlimiz haqqında hərbi hissələrdən daxil olmuş razılıq məktubları ilə valideynləri və gəncləri tanış etmişlər.

Valideynlər öz övladlarından narahat deyillər. Gənclərin xidmət etdikləri hissələrin ünvanları hamıya çatdırılmışdır.

                      "ŞƏKİNİN SƏSİ"


 

 

"VƏTƏN BİZİM AND YERİMİZDİR..."

 

 

Şakir kişi deyir ki, oğlu Babək anadan olanda dünyalar qədər sevinib, onu boya-başa yetirib, kişilik məktəbi olan hərbi xidmətə yola saldığı günü gördüyünə görə sevinci daha da artıb. Çünki oğlu Milli Ordumuzun əsgəri olacaq, doğma Vətən, onun hər qarış torpağı and yerinə çevriləcəkdir. Babəklə həmsöhbət olduq. Bu hadisədən hədsiz qürur duyur, fəxr edirdi. Vurğuladı ki, bu gündən Vətən onun and yeridir. Onun hər qarışını göz bəbəyi kimi qorumaq, işğal altında olan torpaqlarımızı düşməndən təmizləmək üçün var qüvvəsini əsirgəməyəcək, komandirlərin hər bir əmrini can-başla yerinə yetirəcəkdir.

Qumlaq kəndindən oğlu Tofiqi ordu sıralarına yola salmağa gələn Sahib Salamov bizimlə fikirlərini bölüşərkən dedi:

--Ordu torpaqlarımızı qoruyur, əhalini düşmənlərdən müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün keşiyində durur. Hər bir azərbaycanlının müqəddəs bir vəzifəsi olmalıdır: ordunun güclənməsinə, qüdrətlənməsinə, nizam-intizamlı olmasına layiqli töhfə vermək, etibarlı dayaq olmaq. Mən oğlum Tofiqə həmişə belə nəsihətlər vermişəm. Demişəm ki, qoy həmişə rayonumuzun hərbi komissarlığına, biz valideynlərə sənin xidmət etdiyin hərbi hissələrdən minnətdarlıq məktubları gəlsin.

O gün komissarlığın qarşısındakı çal-çağırdan, xoş əhval-ruhiyyəli təntənədən bir daha aydın olurdu ki, artıq gənclər ordu sıralarına doxsanıncı illərin lap əvvəllərində olduğu kimi deyil, əksinə, böyük həvəslə gedirlər. Bu sevgi məhəbbətin gənclər arasında aşılanmasında valideynlərlə yanaşı rayon hərbi komissarlığının, veteranlarla vətənpərvərlik mövzusunda aparılan söhbətlərin vaxtaşırı keçirilən müxtəlif hərbi idman oyunlarının da böyük rolu var.

Oğuz rayon hərbi komissarı, kapitan Rövşən Ədilovun dediklərindən:

--Hərbi-vətənpərvərlik tərbiyəsi işlərinin yaxşı qurulması orduya çağırışın yüksək səviyyədə təşkilində mühüm əhəmiyyət kəsb edir. Komissarlığımızın zabitləri məktəblərdəki hərbi rəhbərlərlə bu istiqamətdə sıx əlaqə saxlayır, səmərəli qururlar. Rayon üzrə keçirilən müxtəlif hərbi-idman oyunlarına hazırlıqda da onlara yaxından kömək edirik. Digər tərəfdən, hərbi komissarlıqla yerli ərazi icra nümayəndəliklərinin, əlaqədar qurumların əməkdaşlığı öz bəhrəsini verir. Hazırda ordudan yayınma halları yoxdur. Hərbi komissarın fikirlərini ordu sıralarına yola düşən gənclər onların valideynləri təsdiqlədilər.

Oğuz şəhərindən olan Hacı Davudov, Kərimlidən gələn Seymur Manafov, Xaçmaz kəndinin yetirməsi Tural Hacıyev, Mollalı kəndindən olan çağırışçı Toğrul Kərimov söhbət zamanı hərbi xidmətdə etimadı layiqincə doğruldacaqlarını, nümunəvi əsgər olacaqlarını söylədilər. Orduya yolasalmanı daha da rövnəqləndirən, təntənəli, xoş ovqatlı edən amillərdən biri bu mərasimə qoşulan müharibə, əmək veteranlarının, hərbi xidməti yenicə başa vurub qayıdan gənclərin çıxışları, dəyərli məsləhətləri oldu. Vətən bizim and yerimizdir, bütün çıxışlar məsləhətlərdə, çal-çağırda oxunan mahnılarda, çalınan cəngilərdə bu özünü büruzə verirdi.

 

Rasim AMANOV

Oğuz şəhəri



 

 

ŞƏKİNİN KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR

 

Şəki Şəhər İcra Hakimiyyəti Aparatının iclas salonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bu əlamətdar bayram münasibətilə rayonun bütün kənd təsərrüfatı işçilərini təbrik etmiş, sonra məruzə etmək üçün sözü şəhər icra hakimiyyəti başçısının aqrar-sənaye məsələləri üzrə müavini Şahin Babayevə vermişdir.

Məruzəçi demişdir ki, son illərdə Şəkinin kənd təsərrüfatında heç vaxt indiki qədər uğurlu nəticələr əldə edilməmişdir. Təkcə 2008-ci ildə rayonda rekord miqdarda taxıl məhsulu toplanmış, heyvandarlığın inkişaf etdirilməsi üçün ciddi tədbirlər görülmüş, Avstriya ölkəsindən xeyli sayda cins inək alınıb gətirilmiş, süd məhsulları emal edən yeni zavod işə düşmüş, keçmiş ət kombinatı yenidən fəaliyyətə başlamışdır. 

Məruzəçi iftixar hissilə bildirmişdir ki, bu gün Şəkinin kənd təsərrüfatı öz tərəqqisinin yeni zirvəsinə yüksəlmişdir. Bu nailiyyətlərdə təsərrüfat rəhbərlərinin, adamlarının, sahibkarların böyük əməyi vardır.

Yığıncaqda kənd təsərrüfatında çalışan öz fədakar əməlləri ilə nümunə göstərən bir qrup istehsalat qabaqcıllarına pul mükafatları şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə imzalanmış fəxri fərmanlar təqdim edilmişdir.

 

Arzu ABDULHƏMİDOV

        "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvü

 


 

TORPAQ MÜLKİYYƏTÇİLƏRİ DÖVLƏT QAYĞISINA ƏMƏLİ İŞLƏ CAVAB VERƏCƏKLƏRİNİ BİLDİRİRLƏR  

 

 

Bu  günlərdə Şəki Şəhər İcra Hakimiyyətində rayonun torpaq mülkiyyətçilərinin Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş geniş toplantısı keçirilmişdir.

Toplantını giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycan Prezidentinin 21 avqust tarixli Sərəncamını, habelə dövlət başçısının 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ölkəmizdə kənd təsərrüfatı istehsalının stimullaşdırılması əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan növbəti addım kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, dövlət başçısının diqqət qayğısından, uğurlu aqrar siyasətindən ruhlanan Şəkinin torpaq mülkiyyətçiləri aqrar bölmənin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində yüksək fəallıq göstərmiş, nəticədə 2008-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalında uğurlu nəticələr əldə edilmişdir.

Şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev 2008-ci ilin ötən dövründə Şəkidə aqrar sahədə görülən işlər Azərbaycan Prezidentinin 21 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı geniş məruzə etmişdir. Məruzəçi xüsusi vurğulamışdır ki, dövlət başçısının 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq ötən il rayon üzrə 12983 nəfər istehsalçıya 2,2 milyon manat, 5703 nəfər buğda istehsalçısına 1,9 milyon manat yardım göstərilmişdir. 2008-ci ildə isə becərdikləri əkin sahələrinə görə 15 min nəfərdən artıq istehsalçıya dövlət yardımının verilməsi nəzərdə tutulur.

Toplantıda vurğulanmışdır ki, 2008-ci ilin yenicə başa çatan məhsul yığımı mövsümü Şəki taxılçıları üçün xüsusilə uğurlu olmuşdur. Rayonun taxılçıları əvvəlki illə müqayisədə 100 min ton çox, bütövlükdə 212 min ton taxıl istehsal etmişlər ki, bu da Şəki əhalisinin taxıla olan tələbatından 4 dəfə çoxdur. İndi Şəki nəinki öz əhalisinin taxıla olan ehtiyacını ödəyir, həmçinin respublikada ən böyük taxıl ixrac edən rayona çevrilir. Qeyd olunmuşdur ki, yüksək reproduksiyalı məhsuldar toxum sortu tədarük edilib fermerlərə verildikdən sonra Şəkidə taxılın məhsuldarlığını 35-40 sentnerə, istehsalın həcmini isə 300 min tona çatdırmaq mümkün olacaqdır.

 


 

 

ŞƏKİDƏ İSTEHSALÇILARLA ŞİRKƏT NÜMAYƏNDƏLƏRİNİN TAXILIN ALQI-SATQISI İLƏ BAĞLI GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

 

AzərTAc-ın müxbiri xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə taxıl istehsalçılarına məhsul satışında kömək məqsədi ilə Şəki şəhərində alıcı şirkətlərin nümayəndələri ilə fermerlərin görüşü təşkil edilmişdir.

Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bu il rayonda rekord miqdarda - 212 min ton taxıl istehsal edildiyini bildirmiş, indi əsas diqqətin istehsal olunmuş məhsulun fermerləri qane edəcək qiymətlərlə alıcı şirkətlərə satışının təşkilinə yönəldiyini vurğulamışdır. Bu tədbirin məhz istehsalçı alıcı arasında birbaşa əlaqənin yaradılması məqsədi daşıdığını deyən N.İbrahimov bu xeyirxah təşəbbüsə görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Bol məhsul topladıqlarına görə Şəki taxılçılarına təşəkkür edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova əldə olunan nailiyyətlərin ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatların Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi yüksək diqqət qayğının nəticəsi olduğunu bildirmişdir. O demişdir ki, məhz bu qayğının nəticəsində cari ildə Azərbaycanda qarğıdalı istisna olmaqla, 2 milyon 300 min tondan artıq taxıl istehsal olunmuşdur. Bunun 1 milyon 600 min tondan çoxunu buğda təşkil edir. Buğda istehsalında Şəki rayonu 145 min ton nəticə ilə birincidir.            

Sonra istehsalçılarla şirkət nümayəndələri arasında məhsulun satışı ilə bağlı razılaşmalar əldə edilmişdir.

 

Mustafa DADAŞOV


 

Salis müəllimi sözün düzünü yazan, həqiqət uğrunda döyüşən bir qəzet redaktoru kimi tanıyıram 

 

26 İL ÖNCƏ: Şəki, 25 dekabr 1982. Azərbaycan KP MK katibi Həsən Həsənov Şəki fəallarının yığıncağındakı çıxışında Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı Mədəniyyəti günlərində "İpəkçi" qəzetinin Moskva ipəkçilərinin "Çelnok" qəzeti ilə birlikdə Moskvada buraxdığı "Azərbaycan-Moskva zəhmətkeşlərinin dostluğu"na həsr olunmuş xüsusi nömrəsinin necə böyük rəğbətlə qarşılanmasından, böyük əks-səda doğurmasından, paytaxtın Lenin Rayon Partiya Komitəsinin fəxri fərmanı ilə təltif olunmasından iftixarla söz açmışdır. 

 

11 İL ÖNCƏ

Həqiqəti yazan müdafiə edən, millətə sözün düzünü çatdıran qəzet həmişə öz oxucusu tərəfindən sevilmiş, öz redaktoruna şərəf, baş ucalığı gətirmişdir. Uzun illər "İpəkçi" qəzetinin oxucusu olmuşam. Respublikamızın tanınmış hörmətli jurnalistlərindən olan M.Salisin təsisçisi baş redaktoru olduğu "Şəkinin səsi" qəzetini müntəzəm izləyirəm. Bu qəzetlər respublikanın, bölgənin, eləcə Şəkinin ictimai-siyasi, mədəni həyatı barədə oxucularda dolğun təsəvvür yaradır.

Hörmətli Prezidentimiz Heydər Əliyev tərəfindən fəaliyyəti yüksək qiymətləndirilən fəhlə qəzeti "İpəkçi"nin onun redaktorunun, dövlətçiliyimizin qorunmasında möhkəm- ləndirilməsində fəal iştirak etdiyinə görə adı hörmətli Ramiz Mehdiyevin Hidayət Orucovla birgə qələmə aldığı "Qəsd" kitabında iftixarla çəkilən "Şəkinin səsi" qəzetinin qurucusu M.Salisin 65 illiyi münasibəti ilə qəzetdə çap edilən digər təbriklərlə tanış oluram. mən hörmətli dostum Salis barədə öz təəssüratımı oxucularla bölüşmək istəyirəm.

İlk dəfə "İpəkçi" qəzetini Gəncədə birinci katib işləyərkən oxumuşam. Əvvəllər, bu qəzetə ele-beləötəri baxırdım. Lakin bu qəzetin ətrafdakılarım tərəfindən diqqətlə oxunduğunu görüb, onunla daha yaxından maraqlandım. Respublikanın o dövrdə çap edilən ən nüfuzlu qəzetləri "İpəkçi"nin, onun redaktoru M.Salisin qeyri-adi operativliyindən - kiçik qəzetin böyük işindən yazırdılar. "İpəkçi" qəzeti ilə, onun redaktoru M.Salislə tanış oldum. Mərkəzi Komitədə işləyərkən - ideoloji sahəyə rəhbərlik edərkən "İpəkçi" burada əl-əl gəzirdi. "İpəkçi" çoxlarının görə bilmədiyi, bacarmadığı çox işi görürdü. Qəzet bütün İttifaqda yaxşı ad qazanmışdı.

Yaxşı yadımdadır. 14 il bundan əvvəl Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti günlərində "İpəkçi" qəzetinin Moskva ipəkçilərinin "Çelnok" qəzeti ilə birlikdə buraxdığı, "Azərbaycan-Moskva zəhmətkeşlərinin dostluğuna" həsr olunmuş xüsusi nömrəsi ölkənin paytaxtında rəğbətlə qarşılandı və böyük əks-səda doğurdu.

Bakıya qayıdarkən Moskvada gördüklərimdən, "İpəkçi" qəzetinin moskvalılara göstərdiyi böyük təsirdən Şəki Şəhər Partiya Komitəsinin o vaxtkı birinci katibi Nurəddin Mustafayevə və Salis müəllimlə danışdım və qəzetin redaktoruna öz minnətdarlığımı bildirdim.

İndi budur, həmin cəsarətli, işgüzar redaktorun - M.Salisin 65 yaşı tamam olur. Bu gün "Şəkinin səsi" qəzeti M.Salisin imzası ilə "İpəkçi"nin ənənələrini cəsarətlə davam etdirir. "İpəkçi" mənim yaddaşımda, hörmətli Prezidentimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, cəsarətli, kimsədən çəkinmədən sözün düzünü yazan, həqiqət uğrunda döyüşən bir qəzet kimi qalmışdır.

Hörmətli M.SALİS! Sizi anadan olmağınızın 65 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və cansağlığı arzulayıram.

HÖRMƏTLƏ:

Həsən HƏSƏNOV,

Respublikanın Xarici İşlər naziri ("Şəkinin səsi" qəzetinin 9 iyun 1997-ci il tarixli sayından)


 

1. 2

 

Bax, "Üsyankar redaktor" >>

 

  ANA SƏHİFƏ