17.07.2008; №11 - 12 (423 -424)2

 

SƏNİN KİTAB RƏFİN ÜÇÜN           ƏNVƏR METE (HƏMİDOV) 

 

Azərbaycan  elmi təbabətinin Dan ulduzu, akademik Zərifə Əziz qızı Əliyevanın unudulmaz xatirəsinə və anadan olmasının 85 illik yubileyinə ithaf  edirəm.


LOĞMANLAR

ƏNVƏR HƏMİDOVUN "LOĞMANLAR"KİTABI BARƏDƏ RƏYLƏR

 

  Bu monumental əsər Zərifə xanım Əliyevanın  yubileyinə dəyərli bir töhfədir


 

AZƏRBAYCANDA TƏBABƏTİN

İNKİŞAF MƏRHƏLƏLƏRİ

 

Züdeyif İMAMVERDİYEV,

Azərbaycan Tibb Universiteti urologiya

kafedrasının müdiri, AMEA-nın müxbir üzvü

 

Mən öz fikrimi bildirməzdən əvvəl yurdumuzun ağsaqqalı, poeziya patriarxı Bəxtiyar Vahabzadənin Ənvər Həmidovun (Mete) 2006-cı ildə çap olunmuş "O torpağın övladları" kitabına yazdığı "Mənim qənaətim" adlı ön sözündən bir parçanı oxucuların yadına salmaq istərdim: "Mən onun imzasını hələ bir neçə il bundan əvvəl "İşıq" nəşriyyatı tərəfindən buraxılmış "Loğmanlar yurdu" adlı sanballı kitabından tanıyıram. Mübaliğəsiz deyə bilərəm ki, Ənvər o kitabı ilə az qala bütöv bir institut qədər iş görmüş, Azərbaycan təbibləri ensiklopediyasını yaratmışdır.

Çoxları artıq unudulmaqda olan, ancaq yaddaşlarda, xatirələrdə yaşayan bu adamları xalqına tanıtmağı, onları unudulmağa qoymamağı qarşısına məqsəd qoyan müəllif uzun illərin zəhməti nəticəsində ona xeyli dərəcədə nail olmuşdur. Bundan xeyirxah nə ola bilər?"

Uzun illər gərgin elmi axtarışların və araşdırmaların məhsulu olan bu sanballı əsəri Ənvər Mete təbabətdə öz sözünü deyən dünya şöhrətli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 85 illik yubileyinə həsr etmişdir.

Bu monumental əsər Zərifə xanım Əliyevanın yubileyinə çox dəyərli bir töhfədir.

Müəllif doğma yurdumuz Azərbaycanda təbabətin inkişafını mərhələlərlə araşdırır və onlara obyektiv qiymət verir. Çox maraqlıdır ki, hər bir bölmədə şəxsiyyətlərə və o dövrə uyğun gələn müdrik kəlamlardan geniş istifadə edir. Bu kəlamların, tövsiyələrin insan xarakterinin formalaşmasında, onun fiziki və intellektual sağlamlığının qorunmasındakı rolunu əsaslandırmağa çalışır.

Şərq təbabətinin tarixi kökləri Hippokrat və İbn Sinanın adı ilə bağlıdır. Müəllif bu haqda geniş məlumat verir, eyni zamanda islam dininin təbabətin inkişafındakı rolundan söhbət açır. O, Qurani-Kərimdən, Məhəmməd Peyğəmbərdən (ə.s.) və islama həsr olunmuş kitablardan misallar gətirir, onların müqəddəs kəlamlarını yada salır.

Müəllif geniş araşdırmaları nəticəsində belə qərara gəlir ki, Azərbaycanda təbabətin inkişafında dahi mütəfəkkirlərdən N. Gəncəvi, Ə. Xəqani, M. Füzuli, H. Zərdabi, A. Səhhət və başqalarının rolu, heç də təbiblərdən az olmamışdır. Sözsüz ki, el təbabətinin də yüz illərlə xalqın müalicəsində böyük rolu olmuşdur.

XIX əsrin əvvəllərindən Azərbaycanda elmi təbabət inkişaf etməyə başlamışdır və bu sahədə xaricdə təhsil almış ilk diplomlu həkimlərin zəhməti xüsusilə qeyd edilməlidir. Bu dövrdə zemstvo təbabətinin rolu diqqəti çəkir. Müəllif Azərbaycanda çalışan təbiblər və zemski həkimlər haqqında da geniş məlumat verir. Bu həkimlərdən çoxu sonralar tanınmış alimlər olmuşlar.      

Həkimlər heç vaxt ictimai-siyasi hadisələrdən kənarda qalmamışlar. Onlardan çoxu - N. Nərimanov, Ə. Əliyev, S. Əfəndiyev, M. İsrafilbəyov (Qədirli) və başqaları tanınmış ictimai xadimlər olmuşlar. Müəllif bu barədə tarixi faktlara obyektiv yanaşaraq onların təbabətin inkişafındakı fəaliyyətlərindən və elmi işlərindən geniş söhbət açır. Azərbaycanda elmi təbabətin inkişafında 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin böyük rolu olmuşdur. Universitetin tərkibində tibb fakültəsinin təşkili təkcə həkimlərin deyil, həmçinin alim-təbiblərin yetişməsinə təkan verdi. M. Topçubaşov, C. Hüseynov, M. Hacıqasımov, C. Ləmbəranski, M. Mirqasımov və başqaları məhz həmin dövrdə yetişmiş alimlər idilər. Tibb elminin inkişafı ilə bağlı 1924-cü ildən ayrı-ayrı sahələr üzrə bir sıra elmi tədqiqat institutları yaradıldı. 1930-cu ildə isə Azərbaycan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tibb fakültəsinin əsasında Azərbaycan Dövlət Tibb İnstitutu təşkil olundu. Bu tədbir respublikamızda müxtəlif sahələrdə tibb kadrlarının hazırlanmasına və elmi tədqiqat işlərinin canlanmasına təkan verdi. Müəllif müvafiq bölmələrdə, demək olar ki, unudulmuş və geniş oxucu kütləsinə məlum olmayan təbiblər və onların elmi işləri barədə məlumatlar verir.

Misal olaraq göstərmək olar ki, Ə. Həmidov (Mete) hələ 1990-cı ildə çap olunmuş "Loğmanlar yurdu" kitabında və bu yeni əsərində Ağarəhim Hacı Məhəmmədkərim oğlu Əlizadə və onun ixtira etdiyi aparat haqqında məlumat verir, dünyada ilk dəfə olaraq sınıqların müalicəsində xarici fiksasiya üsulu ilə funksional müalicə üsulunun tətbiqinin məhz Əlizadəyə məxsus olduğunu əsaslandırır. Ölümündən 35 il sonra Latviya alimi V. N. Kalnberz doktor Əlizadənin keçmiş SSRİ-də xarici fiksasiya aparatının ilk yaradıcısı olduğunu qeyd etmişdir. Əlizadənin başladığı işi SSRİ-də 1950-ci ildən K. Sivaş, O. Quduşauri, M. Volkov, Q. İlizarov, V. Kalnberz və başqaları inkişaf etdirmiş və onlardan həmyerlimiz Q. İlizarov dünya şöhrəti qazanmışdır.

Ə. Həmidovun bu əsərində bir çox belə maraqlı tarixi məlumatlar öz əksini tapmışdır.

Böyük Vətən müharibəsi tibb işçilərini də ciddi sınağa çəkdi. Statistik məlumatlara görə, müharibəyə qədər Azərbaycanda 680 həkim olmuşdur. Onların çoxu müharibənin ilk günlərindən səfərbərliyə alınmış, vuruşan ordunun tibb bölmələrində, hətta partizan dəstələrində yaralılara tibbi yardım göstərmişdir. Bakıda və respublikamızın bir çox rayon mərkəzlərində təşkil olunmuş hospitallarda evakuasiya edilən yaralılar müalicə olunur və sağaldıqdan sonra yenidən cəbhəyə göndərilirdilər. Müəllif "Böyük vətən müharibəsində iştirak etmiş təbiblər" bölməsində belə həkimlər haqqında məlumat verir.

"Şəfqət" başlığı altında verilən bölmə də xüsusi maraq doğurur. Müəllif şəfqətə aid Qurani-Kərimdən, Məhəmməd Peyğəmbərin (ə.s.) mübarək kəlamlarından misallar gətirir. Xalqımızın qeyrətli qızları Nigar Şıxlinskaya, Böyükxanım Hacıbəyova, Rəşidə Qasımova, Aliyə Rüstəmbəyova və başqalarından söhbət açır, onların şücaətlərini işıqlandırır.

Müəllif araşdırmalarından belə nəticəyə gəlir ki, Böyük Vətən müharibəsindən sonra Azərbaycan səhiyyəsində yeni era başlayır. Görkəmli alim-cərrah M.Mirqasımov Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, M. Topçubaşov isə vitse-prezidenti seçilir. Bu dövrdə ayrı-ayrı tibb sahələri inkişaf edir, şöhrətli alim-təbiblər yetişir, onların elmi axtarışları və uğurları elimizə şöhrət gətirirdi. Bu dövrü müəllif daha səbir və məsuliyyətlə araşdırmış, çox maraqlı məlumatlar vermişdir.

Ə.Mete Ermənistan-Azərbaycan münaqişəsindən, 20 Yanvar faciəsindən də yan keçməmiş, xalqımızın yaddaşına qanla yazılmış o illərdə Azərbaycan təbiblərinin fədakarlığından ürəkağrısı ilə bəhs etmişdir. Bu dövrdən Azərbaycan təbiblərinin özünəməxsus fəaliyyəti başlamışdı. Onların Vətənə, xalqa məhəbbəti, fədakarlığı "Vətən, torpaq harayı, şəhidlik" və "Şəhidlər –şahidlər –loğmanlar" bölmələrində öz əksini tapmışdır.

Məlumdur ki, ekoloji faktorların insan sağlamlığındakı rolu bəşəriyyəti düşündürən əsas problemlərdən biridir. Ə. Həmidov ilk dəfə təbabətdə "İntellektual ekologiya" faktorunu irəli sürür, fikrini faktlar və müdrik kəlamlarla əsaslandırmağa çalışır. Bunun üçün Qurani-Kərimə, Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarına, hədislərinə, "Qabusnamə"yə, N. Gəncəvi hikmətlərinə və s. istinad edir və belə qənaətə gəlir ki, qiymətli kəlamların insanların intellektual və cismani sağlamlığında böyük rolu var. Kitabın yazılmasında müəllif elmi, dini mənbələrdən, dahi mütəfəkkirlərin əsərlərindən, publisistik məqalələrdən, atalar sözlərindən, arxiv materiallarından və nəhayət, şəxsi müşahidələrindən geniş və səmərəli istifadə etmişdir. Müxtəlif peşə sahiblərinin görə biləcəyi bir işi tibb elmləri namizədi Ənvər Həmidov (Mete) tək görmüş və yeni üslubda, sanballı bir kitab yazmışdır.

Bu əsər tibb tariximizin, ekologiyanın sağlamlığa təsirinin, şəfqət və sağlamlığa çağıran müdrik kəlamların, loğmanlarımızın fədakar əməyinin öyrənilməsində mühüm rol oynayacaq və şübhəsiz ki, bir dərslik kimi də istifadə ediləcəkdir.

  

 

MİLLİ TƏBABƏTİMİZİN UNUDULMAZ TARİXİ SƏHİFƏLƏRİ

 

Nadir ƏHMƏDOV,

Respublikanın keçmiş rabitə naziri,

fərdi təqaüdçü

 

Böyük Mustafa Kamal Atatürkün çox qiymətli bir kəlamı var. "Tarixi yazmaq tarixi yaratmaq qədər çətindir".

Ənvər Metenin (Həmidovun) "Loğmanlar" əsəri dövrün ən aktual elm sahələrindən birinə – təbabət elminin tarixinə və müdriklərin hikmətli sözlərinin şərhinə həsr edilmişdir. Hazırda müstəqil Azərbaycanın tarixinin şərh edilməsinə xüsusi ehtiyacın olmasını nəzərə alsaq, təbabət tarixi də bu sahənin qollarından biri kimi maraqlı və faydalıdır.

Müəllif çoxlarına məlum olmayan tarixi mənbələrə əl atır, Azərbaycanın məşhur tibb xadimlərini, onların təbabətin inkişafındakı rollarını və elmi fəaliyyətlərini hərtərəfli işıqlandırır.

Əsərin birinci bölməsi akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə həsr edilmişdir. Bu heç də təsadüfi deyildir. Doğrudan da, Zərifə xanım Əliyeva haqqında çox sayda məqalələr, kitablar yazılıb. Lakin bu gözəl insanın həyatı, sənəti və elmi yaradıcılığı, onun mənsub olduğu yurdumuzun loğmanlar ailəsi ilə bir yerdə təfsilatı ilə işıqlandırılmamışdır. Zərifə xanımın həyatı və elmi yaradıcılığı Vətənimizin təbabət tarixinin ayrılmaz bir hissəsidir. Axı bu tarix gözümüzün qarşısında baş vermiş, gənc nəslin yetişməsində müstəsna rolu olmuş, var və olacaqdır.

Hər bir bölməyə daha uyğun olan müdrik kəlamlardan geniş istifadə edilmişdir. Müəllif təbabətin inkişafındakı rolunu özünəməxsus bir üsulla araşdırır. Qurani-Kərimdən, Məhəmməd Peyğəmbərin (ə.s.) və tanınmış din xadimlərinin fikirlərindən, qiymətli kəlamlarından misallar gətirir və onların mənasını (şərhini) verir.

Ənvər Mete təbabət tarixini mərhələ-mərhələ araşdırmaqla, İbn Sina kimi dahilər haqqında geniş məlumat verir, Azərbaycan el təbabətindən söhbət açır. Əsərin ən maraqlı məqamlarından biri müəllifin yurdumuzun dahi mütəfəkkirlərinin əsərlərinə təbib gözü ilə baxıb araşdırmasıdır. Ölməz sənətkarımız Nizami Gəncəvinin təbabət haqqında fikirləri ilə tanış olduqdan sonra bu dahi insanın, eyni zamanda təbib olmadığına inanmaq olmur.    

Ə. Metenin məlumatından aydın olur ki, XVIII əsrin sonu və XIX əsrdən başlayaraq Azərbaycanda elmi təbabət inkişaf etmiş və bu dövrdə görkəmli sənətkarlar yetişmişdir. Azərbaycan elmi təbabətinin inkişafında zemstvo təbabətinin də böyük rolu olmuşdur.

Müəllif Azərbaycanın ilk diplomlu həkimlərinin doğma yurdumuzda elmi təbabətin bünövrəsinin qoyulmasındakı unudulmaz zəhmətlərini geniş şərh edir. Tarixi araşdırmalardan məlum olur ki, həkimlər, eyni zamanda ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdə səylə iştirak etmişlər. Müəllif həkim-ictimai xadimlər haqqında danışarkən tarixi faktları obyektiv işıqlandırır. "Böyük Vətən müharibəsində iştirak etmiş təbiblər" bölməsində toplanmış materiallar vətənpərvərlik baxımından böyük əhəmiyyət kəsb edir.

Kitabın ən maraqlı bölmələrindən biri də "Şəfqət"dir. Bu bölmədə müdriklərin şəfqət haqqında dedikləri kəlamlara müraciət olunur. Qurani-Kərimdəki qiymətli fikirlərdən nümunələr verilir. Bu barədə Məhəmməd Peyğəmbərin (ə.s.) mübarək kəlamları daha əhəmiyyətlidir.

Müəllif sonra Azərbaycan təbabətinin yeni erasından söz açır, ayrı-ayrı tibb sahələrinin inkişafı, tanınmış alim-təbiblərin yetişməsi, onların elmi axtarışları, uğurları, tibb sahəsində şöhrət tapmış akademiklər haqqında geniş məlumat verir. Müəllifin qənaəti budur ki, Azərbaycanda təbabətin yeni erasında yetişmiş alim-təbiblərimizin sayəsində böyük uğurlar əldə edilmişdir. Məhz buna görə təbabətin bir çox sahələrində əldə olunan uğurlar dünyaya səs salmışdır. Ən maraqlı cəhət orasıdır ki, müəllif təbabətin hər bir sahəsinin tanınmış alimləri barədə məlumat verməmişdən əvvəl, həmin sahə haqqında tarixi faktlara müraciət etmişdir.

Əsərdə, eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddiası – Qarabağ təcavüzü araşdırılır. Bu bölmə "Vətən, torpaq harayı, şəhidlik" başlığı altında verilib. Milli Qəhrəman Çingiz Mustafayev və başqa tibb işçilərindən bəhs edilən bölmədə "Şit" təşkilatı ekspertlərinin (müstəqil hərbi ekspertlər) hesabatları tarixi fakt kimi verilmişdir.

"Şəhidlər – şahidlər – loğmanlar" bölməsində həkimlərin fədakarlığı, Vətənə xalqa məhəbbəti öz əksini tapmışdır.     

Müəllif, sağlam olmaq üçün təbiətin qorunmasını əsas amil kimi göstərməklə bərabər, ekologiyanın və qida məhsullarının insan orqanizminə və sağlamlığına göstərdiyi təsirlərdən söz açır, tarixi faktlara və müdrik məsləhətlərə müraciət edir. O, təbabətdə ilk dəfə olaraq "İntellektual ekologiya" terminini irəli sürür, fikrini əsaslandırmaq üçün müxtəlif mənbələrə, mənəvi və cismani paklığa, sağlamlığa çağıran müqəddəs kəlamlara istinad edir. Qurani-Kərimə, Həzrət Məhəmməd Əleyhissəlamın söylədiklərinə və s. müraciət edir.

Sonda müəllif belə qərara gəlir ki, insan, müdriklərin dediyi kimi, xeyirxah iş üçün yaranmışdır. İnsan öz məqsədinə çatmaq üçün sağlam, ağıllı, mərhəmətli, vicdanlı, şəfqətli və nəhayət, mübariz olmalıdır. O, fikrini Əmir Teymur haqqında olan bir tarixi rəvayətlə əsaslandırır.   

Kitabda tarixi şəxsiyyətlər haqqında geniş məlumatla bərabər, onların şəkilləri də verilmişdir. Sayılıb-seçilən insanlar, indiki və gələcək nəsillərə örnək olacaq bu şəxslər haqqında verilən məlumatların çoxu geniş oxucu kütləsinə məlum deyil.

İstedadlı, bacarıqlı, işini-sənətini sevən, ona məsuliyyətlə yanaşan həkim-publisist Ənvər Mete (Həmidov) bu kitabı yazarkən uzun və gərgin zəhmət çəkmişdir. O, illərlə arxivlərdə çalışmış, arayıb-axtarmış, unudulmuş sənədləri üzə çıxarmış, evlərdə yatıb qalmış, toz basmış tarixi sənədlərə yenidən həyat vermişdir, publisistik məqalələrdən, monoqrafiyalardan və s. mənbələrdən geniş istifadə etmişdir. Bütün bunlarla bərabər, Ənvər Mete (Həmidov) öz müqəddəs sənətini – həkimliyini də fasiləsiz davam etdirmişdir.

Ümumiyyətlə, bu kitabın müstəqil Azərbaycanımızın təbabət tarixinin, tibbi keçmişinin öyrənilməsində böyük faydası və gənc nəslin yetişməsində əhəmiyyətli dərəcədə rolu olacaqdır.

Bu əsərin tibb təhsili alan tələbələrin masaüstü kitabına çevriləcəyinə tam əminəm.

Əziyyətlərə qatlaşaraq milli tariximizin bir hissəsi olan təbabət tarixinə, müdriklərin dediklərinə, şəfqətə, ekologiyaya və təbabətin müxtəlif sahələrinə həsr edilmiş bu kitabın işıq üzü görməsinə görə müəllif Meteyə   Ənvər həkimə minnətdarlıq bildirir və "Çox sağ ol!" deyirəm.  

 

 

 

Ənvər HƏMİDOV

(Ənvər Mete)

 

1937-ci ildə Şəki şəhərində anadan olmuşdur. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əvvəllər Şəki Rayonlararası Mərkəzi Xəstəxanada cərrah işləmişdir. 1968-ci ildə Moskvada akademik N.Priorov adına Elmi Tədqiqat Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük patologiyası üzrə aspiranturaya daxil olmuş, 1971-ci ildə sümük şişlərinə dair namizədlik dissertasiyasını müdafiə etmişdir. O, həmin ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Elmi Şuranın katibi və gənc alimlərin Elmi Şurasının sədri işləmişdir. 1975-1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olmuşdur.

1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik etmişdir. 1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında baş həkim olmuşdur. Hazırda həmin xəstəxanada travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini işləyir. Səhiyyə əlaçısıdır. 70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap edilmişdir. Onun "Loğmanlar yurdu" (Bakı, "İşıq" nəşriyyatı, 1991) əsəri tədris vəsaiti kimi istifadə edilir. "O torpağın övladları" (Bakı, "Nurlan" nəşriyyatı 2006) adlı iri həcmli əsəri Şəkinin görkəmli şəxslərinə həsr olunmuşdur. Ənvər Həmidov (Mete) özü də haqqında sevə-sevə söhbət açdığı loğmanlar nəslinin layiqli davamçılarından biridir.

    

 

MÜDRİK KƏLAMLAR

 

Cənnət anaların ayağı altındadır.

        Məhəmməd Peyğəmbər (ə.s.)

 

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

                       H.Cavid

 

Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxt insanlardır.

                       Heydər Əliyev

 

Elm əqidəli olmaq üçündür.

                          S.Şirazi

 

Qaranlıq gecədə səni gözləyib,

Durmaqdan yoruldum, ey dan ulduzu!

Uzaq üfüqlərə göz gəzdirməkdən

Az qala kor oldum, ey dan ulduzu!

 

Büsbütün yorulub, gücdən düşərkən

Bir ulduz parladı uzaq üfüqdən.

Bu görünən səndin, artıq gəldin sən,

Axır səni buldum, ey dan ulduzu!

                           C.Cabbarlı

  

 

<<< əvvəli                                       Ardı (bax digər məqalələrə): >>>

<<< Ana səhifə