2008-Cİ İL HEYDƏR ƏLİYEV İLİDİR

A L Q I Ş L A Y I R I Q !    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu ilin may ayında ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində keçiriləcəkdir!

 

 

 

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ŞƏKİ-ZAQATALA BÖLGƏSİ İCRA HAKİMİYYƏTİ BAŞÇILARININ BÖLGƏNİN BÜTÜN SAKİNLƏRİNƏ

TƏBRİKİ!

 

Əziz həmvətənlər!

Sizləri gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı və səadət, bahar əhval-ruhiyyəsi və uğurlar arzulayırıq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin obrazlı sözləri ilə desək təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk Bahap artıq yurdumuza qədəm qoymuşdur. Ölkəmizin ən sevimli, hətta, müqəddəs bayramlarından biri sayılan Novruz yalnız gecə-gündüzün bərabərliyi günü, təbiətin oyanması deyil, həm də yeni və gözəl ümidi ilə cəmiyyətin də yeniləşməsi deməkdir. Artıq hər yerdə olduğu kimi, Şəkidə, Zaqatalada, Balakəndə, Qaxda və Oğuzda da evlərdə səmənilər cücərdilmiş, mənzillər yığışdırılmış, həyət-bacalar tər-təmiz təmizlənmiş, şirniyyat süfrələri açılmışdır. Küçələrdə artıq tonqallar qalanmışdır. Hamı tonqalın üstündən  tullanaraq "ağrısını-uğrusu"nu köhnə ilə qovmaqla Novruzu gülərüzlə qarşılamağa çalışır. Bu gün qohumlar, dostlar, bir-birlərini təbrik edir, küsülülər barışır, itirdiyimiz əzizləri yada salırıq.

Son illər Azərbaycanın hər yerində, o cümlədən Şəkidə, Zaqatalada, Balakəndə, Qaxda və Oğuzda bu gözəl bayramımız ailə, məhəllə, bölgə çərçivəsindən çıxaraq daha da kütləviləşmişdir. Rayon mərkəzlərində və onun kənd və qəsəbələrində kütləvi bayram mərasimləri, gəzintilər təşkil olunur.

Bölgəmizin sakinləri haqlı olaraq və razılıq hissilə bildirirlər ki, Azərbaycanın son illərdə Şərqdə ən müxtəlif sahələrdə nail olduğu misilsiz uğurlar indi bu bahar günlərində hər bir azərbaycanlı ailəsinə, o cümlədən bölgəmizin hər bir sakininə bayram əhval-ruhiyyəsi gətirmişdir.      

Novruz bayramınız mübarək, dostlar!

 

Nazim İBRAHİMOV - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, Asif ƏSGƏROV - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Asif  MƏMMƏDOV - Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Aydın ƏLİHÜSEYNOV - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı,  Mübariz ƏHMƏDZADƏ - Qax Rayon İcra Hakimiyyətinin başçısı.

 

DAHA İKİ TƏBRİK

HÖRMƏTLİ SALİS MÜƏLLİM!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və bahar əhval-ruhiyyəsi arzu edirəm!

Ümummilli liderimiz Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətlənməsi və çiçəklənməsi naminə gördüyünüz işlərdə uğurlar diləyirəm!

Hörmətilə:

Natiq QASIMOV,

                     Azərbaycan Respublikası vergilər nazirinin müavini,  III dərəcəli vergi xidməti

müşaviri, iqtisad elmləri doktoru, professor.

 

Hörmətli Salis müəllim!

Xalqımızın milli bayramı - Novruz bayramı münasibətilə Sizi və rəhbərlik etdiyiniz peşəkar jurnalist kollektivini, redaksiya heyətini səmimi qəlbdən təbrik edir, işlərinizdə yeni uğurlar arzulayıram!

Xahiş edirəm mənim "Azərbaycanda demokratiya və liderin rolu" başlıqlı məqaləmi qəzetinizin növbəti saylarının birində dərc olunmasını təmin edəsiniz.

Təşəkkürümü bildirirəm!

Elşən NƏSİBOV,

                                                              Müstəqil siyasətçi, tədqiqatçı.

 Bakı şəhəri.

 

 


BAŞA VURDUĞUMUZ 2007-Cİ İLDƏ ŞƏKİ RAYONUNDA SOSİAL PROBLEMLƏRİN HƏLLİ DAİM DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDUR

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOVUN "ŞƏKİNİN 2007-Cİ İLİN SOSİAL-İQTİSADİ YEKUNLARINA VƏ 2008-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR" MƏRUZƏSİNİ DİNLƏYƏRKƏN...

 

Məruzəçi diqqəti öncə ona cəlb etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır. Uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyası, aparılan proqressiv islahatlar ölkə vətəndaşlarının sosial-rifah halının yüksəlişini təmin etmişdir. Azərbaycan xalqı 2003-cü ildə keçirilən Prezident seçkilərində bu siyasi kursa etimad göstərməklə davamlı inkişafımıza, tərəqqimizə dəstək verdiyini göstərdi. Hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirən cənab İlham Əliyev son dörd il ərzində apardığı kompleks islahatlarla xalqın yüksək rəğbətini qazanmışdır.

Ölkə başçısının "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nı təsdiq etməsi bölgələrin davamlı və tarazlı inkişafı üçün mühüm addım olmuşdur. Bu sənəddə sosial infrastrukturun yeniləşdirilməsi, köhnə müəssisələrin yenidən qurulması və müasir tələblərə cavab verən müəssisələrin yaradılması bütövlükdə, regionlarımızın qeyri proporsional inkişafının qarşısını almağa yönəldilmişdir. Belə bir mühüm Dövlət Proqramının qəbul edilməsi regionların inkişafındakı fərqi aradan qaldırmaqla sabit, tarazlı inkişafa şərait yaratmışdır. Son dörd il ərzində bölgələrdə sahibkarlıq fəaliyyəti genişlənmiş, əhali yüksək maaşlı işlə təmin olunmuşdur. Regionlarda dünya standartlarına cavab verən istehsal müəssisələrinin yaradılması məşğulluq problemini həll etmiş, əhalinin paytaxta axınının qarşısı alınmışdır. Dövlət Proqramı çərçivəsində yeni sosial obyektlər - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi də uğurla aparılmışdır. Əldə edilən nəticələr bölgələrimizdə əhalinin mədəni-intellektual potensialının güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin yüksəlməsinə müsbət təsir göstərmişdir. İnsan amilinin inkişafına xidmət edən informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə təminatı da Dövlət Proqramında əksini tapmışdır. Bütövlükdə, insan amilinə xidmət edən bu siyasət qarşıdakı illərdə də davam edəcəkdir.

Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqində dövlətimizin başçısı İlham Əliyev beş il üçün nəzərdə tutulmuş proqramların, xüsusən də regional inkişafa dair Dövlət Proqramının 4 ildə öz həllini tapdığını qeyd etdi.

"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası barədə" Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı verilmişdir. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında ərizə və şikayətlərə baxılması işinin və qaydalarının təkmilləşdirilməsi, ərizə və şikayətlərin elektron vasitələrlə qəbulunun təşkil edilməsi dövlət orqanlarının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Şəki Şəhər İcra Hakimiyyətində vətəndaşların ərizə və şikayətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır, vətəndaşların müraciətlərinin dəqiq uçotu aparılır. Şəhər icra hakimiyyətində ərizə və şikayətlərin elektron vasitələrlə qəbulu artıq təşkil edilmişdir. Fəaliyyət Planının dövlət orqanlarından vətəndaş institutlarının qanunla nəzərdə tutulmuş informasiyaları ala bilmələrinin təmin edilməsi barədə bəndi nəzərə alınaraq şəhər icra hakimiyyəti başçısının qeyd edilən sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası aparatın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdirinə həvalə edilmişdir.

Respublikamızda ordu quruculuğunun sürətlənməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin daim nəzarətindədir. "Yerli icra hakimiyyətləri haqqında əsasnamə"yə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti 2007-ci il ərzində Şəkidə yerləşən hərbi hissələrlə müntəzəm əlaqədə olmuşdur. hərbi hissələrin yerli əhəmiyyətli problemləri öyrənilmiş, onların həlli istiqamətində bir sıra işlər görülmüşdür. Hərbi hissələrdə bir çox bayram şənliklərinin, digər tədbirlərin həyata keçirilməsi təşkil edilmişdir.

Respublika Prezidentinin müvafiq fərmanlarına uyğun olaraq Şəkidə həqiqi hərbi xidmətə dörd növbəti çağırış həyata keçirilmişdir. Hər bir çağırış ərəfəsində çağırışa hazırlıq tədbirləri və çağırışın mütəşəkkil keçirilməsi haqqında şəhər icra hakimiyyəti başçısının sərəncamı verilmiş, sərəncamlar üzrə çağırış və hərbi-həkim komissiyaları yaradılmışdır. İl ərzində ümumilikdə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən 1536 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir. Səhhətinə, ailə vəziyyətinə görə və təhsili ilə bağlı 138 çağırışçıya çağırışdan möhlət hüququ verilmişdir.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanına uyğun olaraq Şəki Apellyasiya Məhkəməsi və Şəki Yerli İqtisad Məhkəməsi yaradılmış və ötən ilin iyul ayında fəaliyyətə başlamışdır. Bu məhkəmələrin yaradılması onlarla mütəxəssisin işlə təmin olunması ilə yanaşı bölgədə yaşayan insanların öz hüquqlarını məhkəmə qaydasında müdafiə etməsini asanlaşdırmışdır.

Şəki Rayon Məhkəməsi ötən il ədalət mühakiməsinin həyata keçirilməsi istiqamətində öz fəaliyyətini davam etdirmiş, 80 iş üzrə hökm çıxarılaraq 94 nəfər müxtəlif cəzalara məhkum olunmuş, 616 mülki iddiaya baxılaraq mahiyyəti üzrə qərar qəbul edilmişdir.

Şəkidə iki notariat kontoru fəaliyyət göstərir. 2007-ci il ərzində 1 saylı notariat kontorunda 7149, 2 saylı notariat kontorunda 16015 olmaqla cəmi 21364 notariat hərəkətləri aparılmışdır.

2007-ci il ərzində Şəki şəhər VVADQ şöbəsində 3004 doğum, 1308 ölüm, 1765 nikah, 122 boşanma qeydə alınmışdır.

2007-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinə 975 respublikanın yuxarı orqanlarından, 2341 isə rayon əhalisindən olmaqla 3316 məlumat daxil olmuşdur. Müraciətlərin 37,7% maddi yardım, 22,4% tikinti və torpaq, 17,5% mənzil, 6,9% əmək məsələləri, 3,4% sahibkarlığın inkişafı, 12,1 % isə digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşlardan daxil olan ərizələrin 20-i təkrar, 162-i kollektiv müraciətlərdir. Yuxarı orqanlardan daxil olmuş ərizələrdən 727-i Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, 61-i Milli Məclisdən, 14-ü Nazirlər Kabinetindən, qalanları isə digər mərkəzi orqanlardan göndərilmişdir. Əvvəlki illə müqayisədə 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından daxil olmuş ərizələrin sayı azalmışdır (müvafiq olaraq 871, 721). Təhlil göstərir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından göndərilmiş ərizələrin təxminən dörddə biri mənzil tələbinə aid olmuşdur. bu da şəhər icra hakimiyyətinin mənzil fondunda boş mənzillərin olmaması, ictimai mənzil tikintisinin aparılmaması və ümumilikdə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına tələbatın artması ilə bağlıdır.

Müddət ərzində daxil olmuş müraciətlərə baxılaraq vaxtında müvafiq cavabların verilməsi təmin edilmiş, qaldırılmış məsələlərin həllinə qayğılı münasibət bəslənilmiş və imkan daxilində müraciətlər müsbət həll edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatında ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair tədbirlər hazırlanaraq icra üçün qəbul edilmişdir.  

Qeyd olunmuşdur ki, 1600 nəfər işçinin çalışdığı "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətinin aparıcı sahəsi olan baramaaçan istehsalatında iş ahənginin pozulmaması məqsədi ilə 2007-ci ildə Özbəkistandan 245 ton, İrandan isə 79,2 ton quru barama gətirilmişdir. Müəssisədə isə 1700 ton pambıq sap istehsal edəcək yeni əyirici sexi quraşdırılmış, 1000 tona yaxın pambıq mahlıcı alınmış, sexdə əlavə olaraq 120 daimi iş yeri açılmışdır.

Sonra belə bir məlumat verilmişdir ki, 2007-ci ildə Şəki Su-Elektrik Stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri davam etdirilmiş, "Şəki Aqro İndastrit" MMC tərəfindən Orta Zəyzid kəndi ərazisində südçülük kompleksinin yaradılması istiqamətində müvafiq işlər görülmüş, keçmiş ət və süd emalı kombinatı əsasında "Kainat" MMC yaradılmış, burada Avstriyanın "Şaller" firmasına məxsus 642 min avro dəyərində, gündəlik istehsal gücü 5 ton olan kolbasa sexi quraşdırılaraq işə düşmüşdür. "Sehrli təndir" şirniyyat evi, yeni mebel sexləri, topdansatış mərkəzi, Aşağı Göynük kəndində müasir avadanlıqla təchiz olunmuş parket sexi istifadəyə verilmişdir. Yeni yaradılan bu müəssisələr əhalinin məşğulluğunun həllində mühüm rol oynamışdır.

Əhalinin məşğulluğunun təmin edilməsində və onların sosial rifahının yaxşılaşdırılmasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının xüsusi əhəmiyyəti olduğunu bildirən natiq 2007-ci ildə Şəkidə 1358-i daimi olmaqla, 5552 yeni iş yerinin yaradıldığını nəzərə çatdırmışdır, ümumiyyətlə isə, 2003-cü ilin oktyabrından 2008-ci ilin yanvar ayınadək rayonda 5526-sı daimi olmaqla, 19505 yeni iş yeri açılmışdır.

Sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ötən il bank və bank olmayan kredit təşkilatları tərəfindən 10991 fiziki şəxsə 10 milyon 732 min manat, 25 hüquqi şəxsə 2 milyon 82 min manat, 8223 fiziki şəxsə 9 milyon 703 min ABŞ dolları məbləğində, habelə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 11 layihə üzrə 2 milyon 495 min manat güzəştli kreditlər verilmişdir.

Taxılçılığın rayonun aqrar sektorunda aparıcı yerlərdən birini tutduğunu bildirən məruzəçi, 2007-ci ildə 47865 hektar sahədən 111 min 319 ton taxıl məhsulu yığıldığını, 2008-ci ilin məhsulu üçün 68233 hektar sahədə taxıl əkildiyini bildirmişdir. Taxıl əkini sahələrinin 20 min hektardan çox artdığını vurğulayan natiq gələcəkdə rayonda taxıl istehsalının 200 min tona çatdırılmasının mümkünlüyünü qeyd etmişdir.

Hesabat yığıncağında çıxış edərkən görülən işlərlə yanaşı, həllini gözləyən problemlər və perspektiv planlar barədə də danışılmışdır. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Şəkidə hazırda fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunun bazasında müstəqil Dövlət Universitetinin açılması, kənd əhalisinin enerjiyə olan tələbatını ödəmək məqsədi ilə dağ çaylarında kiçik su elektrik stansiyalarının tikilməsi, şəhərin su-kanalizasiya sisteminin, hava limanının yenidən qurulması, milli parkın yaradılması, turizm infrastrukturunun genişləndirilməsi, Aşağı Karvansara kompleksinin və Şəkixanovların evinin bərpası və digər tədbirlər qarşıda duran əsas vəzifələrdəndir.

Natiqlər 2007-ci ildə rayonda həyata keçirilən tədbirləri müsbət qiymətləndirmişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, şəkililər dövlət başçısının müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə titanik fəaliyyətini ürəkdən bəyənir və bu il keçiriləcək prezident seçkilərində öz layiqli namizədini - İlham Əliyevi dəstəkləyərək, hamılıqla ona səs verəcəklərini bəyan edirlər.

Yığıncaqda Azərbaycan Beynəlxaln Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev çıxış etmiş, arzu və tövsiyələrini bildirmişdir.      

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Hesabat yığıncağında Prezidentin İcra Aparatının məsul əməkdaşı Məhərrəm Quliyev iştirak etmişdir.

Hesabat dövründə 368 yerlərdə, 857 isə şəhər icra hakimiyyətində  qəbul zamanı  1225 nəfər vətəndaş Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilərək dinlənilmiş və qaldırılan məsələlərin həllinə müvafiq köməklik göstərilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 03.10.2007-ci il 1/243 saylı sərəncamı ilə Şəhər İcra Hakimiyyəti başçısının vətəndaşların səyyar qəbulu qrafiki təsdiq olunmuş və qrafikə əsasən həftədə bir dəfə şəhərin məhəllələrində, qəsəbə və kəndlərdə vətəndaşlarla görüşlər keçirilmiş, onların müraciətləri dinlənilmiş, tələb və təklifləri öyrənilmişdir. Müddət ərzində 33 belə səyyar qəbul keçirilmişdir. Səyyar qəbulla bağlı məlumatların tələb olunan formada və müddətlərdə RİAİS sistemində ötürülməsi təmin edilmişdir. Həmin qəbullar zamanı qaldırılan məsələlərin təhlili göstərir ki, yerlərdə vətəndaşlar əsasən yolların təmiri, su probleminin həlli, kəndlərə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərin, xətlərin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yeni sosial obyektlərin açılması, torpaq məsələləri, maddi yardım göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər edirlər.

Qaldırılan məsələlərin bir hissəsi həllini yerindəcə tapmış, bəzi məsələlərlə bağlı tapşırıqlar verilərək icrası nəzarətə götürülmüş, bəzi məsələlər tədbirlər planına daxil edilmiş, bəziləri ilə bağlı aidiyyatı yuxarı orqanlar qarşısında məsələlər qaldırılmış, qalan məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir.

Müddət ərzində kadrların hazırlanması, vəzifələrə bacarıqlı, təcrübəli, əhali arasında nüfuz qazanmış kadrların irəli çəkilməsi məsələlərinə diqqət yetirilmiş, rayon ərazisində yerləşən müəssisə, təşkilat və idarələr tərəfindən kadrların seçilib yerləşdirilməsinə müntəzəm nəzarət olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları"na uyğun olaraq Şəki şəhərində dövlət qulluğunun rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların siyahısı tərtib edilərək  təsdiq edilmişdir. "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçularının 2007-ci ildəki xidməti fəaliyyətlərinin qiymətləndirilməsi təmin edilmişdir.

Natiqlər bir məsələni də vurğulamaq istəmişlər: Ümummilli liderimiz Heydər Əliyevin regionlara diqqət və qayğısı sayəsində rayonumuza təhkim olunmuş Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədova və Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyevə ümumrayon səviyyəli və eləcə də hər bir sakinimizin qaldırdığı problemə həssaslıqla yanaşaraq həll etdiklərinə görə bütün şəkililər adından, şəxsən öz adımdan dərin minnətdarlıqlarını bildirmişlər.

Çıxışlarda qeyd olunan, görülən işlərlə yanaşı həllini gözləyən problemlərimiz və perspektivdə dayanan planlarımız da toxunulmuşdur. 2008-ci ildə həyata keçirilməsini qarşımıza məqsəd kimi qoyduğumuz məsələlər barədə sizləri qısaca da olsa məlumatlandırmaq istəyirəm.

Şəkidə hazırda fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunun bazası əsasında sosial-iqtisadi inkişaf Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev adına müstəqil Dövlət Universitetinin açılması, on minlərlə kənd əhalisinin maddi rifahını yüksəltmək və yoxsulluğu azaltmaq, onların enerjiyə olan tələbatını ödəmək məqsədilə Şəki ərazisindən keçən dağ çaylarında ona yaxın kiçik su elektrik stansiyalarının, region üçün xüsusi əhəmiyyətə malik, gündəlik emal gücü 250 ton olan şəkər çuğunduru zavodunun, polretan aşqar qatılmış rəngli metal örtüklərin istehsalı üzrə müəssisənin yaradılması, Şəki hava limanının yenidən qurulması, turizmin inkişafı  məqsədilə Aşağı Karvansara kompleksinin və Şəkixanovların evinin bərpası, "Gələrsən-görərsən" qalasının yenidən qurulması və bu tarixi abidəyə gediş-gəlişi yaxşılaşdırmaq məqsədilə Kiş çayı üzərindən körpünün salınması, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması, Aşağı Göynük kənd xəstəxanasının əsaslı təmiri və kəndə aparan dağ yolunun asfaltlaşdırılması, M.F.Axundov adına mədəniyyət və istirahət parkının yenidən qurulması, şəhərin mərkəzindən axan Qurcana və Dəyirmanarxı çaylarının yataqlarının təmizlənməsi və istinad divarlarının yenidən qurulması işlərinin davam etdirilməsi, milli parkın yaradılması, Şəki-Oğuz yolunun, xarici investisiya qoyuluşu hesabına süd emalı ilə məşğul olan 7 milyon avro dəyərində sənaye kompleksinin inşasının başa çatdırılması, bağlanılmış müqavilələrə uyğun olaraq camışçılıq, quşçuluq, donuzçuluq komplekslərinin işə salınması, üzümçülüyün inkişafı istiqamətində Fransa və İtaliya şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi, 5500 yerlik şəhər stadionunun tikintisinin başa çatdırılması, yeni məktəblərin və səhiyyə obyektlərinin tikintisi, abadlıq və quruculuq işlərinin davam etdirilməsi, yolların tikintisi və yenidən qurulması, əhaliyə kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, Şəki üçün prioritet sahə olan turizm infrastrukturunun genişləndirilməsi və digər bu kimi tədbirlər qarşımızda duran ümdə vəzifələrdəndir.   

Hesabat yığıncağı bir daha nümayiş etdirdi ki, şəkililər ölkə Prezidenti İlham Əliyevin gərgin siyasi və dövlətçilik fəaliyyətini, həyata keçirdiyi islahatları, Azərbaycanın daha da qüdrət- lənməsi naminə atdığı hər bir uğurlu addımı dəstəkləyir, onu intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir və ölkə başçısını əmin etdilər ki, rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar 2008-ci ildə də davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir  

Rəfael MƏNƏFOV,

                 “Şəkinin səsi” qəzeti redaksiya  heyətinin üzvü. 

 

 

ALMANİYADA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN AKADEMİK BİRLİYİNİN SƏDRİ MƏRDAN AĞAYEVİN "ŞƏKİNİN SƏSİ" QƏZETİNİN SAYTINA MƏKTUBU 

Aydın bəy, məlumunuz olsun ki, aprel ayının əvvəli, Berlin şəhərindəki "Verlad Dr. Köster" nəşriyyatında "Jahbuch Aserbaidshanforschunq" ("Azərbaycan tədqiqatları") adlı illik məcmuənin 2-ci cildi nəşr olunacaq. (Bildiyiniz kimi, 1-ci cild 2007-ci ilin mart ayında işıq üzü görmüşdür). "Jahbuch Aserbaidshanforschunq"un 2-ci cildində 15 məqalə dərc olunub və 350 səhifədən ibarətdir. Bu illik məcmuədə, Avropada Azərbaycan mövzusu ilə məşğul olan bir çox alman aliminin məqalələri öz əksini tapıb.

Sizin adınızı kitabın ön sözündə qeyd etmişik; yəni bizə 2-ci cildin yaranmasında kömək göstərən şəxslərin adlarını sadalanarkən…

Mərdan AĞAYEV.

Almaniya

 

 

NOVRUZ BAYRAMINIZ MÜBARƏK! 

 

FOTO-REPORTAJ: Bahar  əhval-rühiyyəsi ilə süfrə arxasında 

 

 

 

 

 

YAP Şəki Şəhər təşkilatının 15 illik yubileyini qeyd etməyə toplaşmışdılar 

 

 

Şəkidə Yeni Azərbaycan Partiyası yerli təşkilatının yaranmasının 15-ci ildönümü geniş şəkildə qeyd edilmişdir. Bu əlamətdar gün münasibətilə şəhər icra hakimiyyətinin iclas salonunda şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydandakı abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla anmışlar.

Tədbirdə YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov təşkilatın ötən 15 il dövründə gördüyü işlər barədə hesabat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müasir şəraitə uyğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində bütün Azərbaycan kimi, onun ayrılmaz tərkib hissəsi olan Şəki rayonu da qüdrətlənmiş, rayonda sosial-iqtisadi həyat səviyyəsi yaxşılaşmışdır. Bütün bunlar xalq arasında YAP-ın və onun yerli təşkilatının nüfuzunu daha da yüksəltmiş, partiyaya üzv olanların sayı hər il olduğu kimi, ötən ildə sürətlə artmışdır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda qazanılmış uğurlardan danışmış, YAP-ın cəmiyyətdə artan nüfuzunu qeyd etmişdir. Yubiley  yığıncağının sonunda dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.

 "ŞƏKİNİN SƏSİ"


 

 

SABİR ƏFƏNDİYEVİN 75 YAŞININ ÖMÜR SALNAMƏSİNDƏN... 

 

Onlarca kitablarla, yüzlərlə elmi məqalələrlə yanaşı, yüzdən çox yumoristik hekayənin, dörd dram əsərinin müəllifi Sabir Tahir oğlu Əfəndiyevin  bu il 75 yaşı tamam olur. Elmi-ədəbi yaradıcılığını həyatda yaşatmaq amalı kimi qəbul edən Sabir Əfəndiyev həm də xeyirxah əməllərin icraçısıdır. O, öz gücünə arxalanıb 10 min kitabının saxlandığı şəxsi kitabxana sahibidir. Kitabxana binasının arxasında - açıq səma altında etnoqrafik bir muzeyi öz gücünə yaratmaqla məşğuldur. O, tanınmış biblioqrafil, sosioloq, istedadlı publisistdir, Mətbuat aləmində qələm işlətməyinin 50 ili tamam olur. Onun qələmi çox kəsərlidir. Erməni seperatçı daşnaq ünsürlərini hələ Dağlıq Qarabağ işğal edilməmişdən öncə "qatı düşməni" kimi də tanımışdır. S.Əfəndiyevin "Acı bağırsaq" publisistik yazısı və nəşriyyatda yoxa çıxıb izi itirilən "Ermənilər kimdir, gürcülər kimdir, bəs biz kimik?" kimi sənədli povesti 16 il sonra çap üzü görmüşdür.

Sabir müəllim həm də "Şəkinin səsi" qəzetinin fəal müxbiri və redaksiya heyətinin üzvüdür, mətbuat tariximizin tədqiqatçısıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki Elm Mərkəzinin ilk təməl daşının qoyulmasında var gücünü əsirgəməmişdir.

On ilə yaxın bu mərkəzin elmi katibi vəzifəsində çalışmışdır. Şəkinin etnoqrafiyasına dair 3 min səhifəlik tədqiqat işinin, Şəki lətifələrinin ilk toplayıcısının çap etdiricisi, "Şəki ensiklopediyası"nın çapa hazırlanmasının cəfakeşidir. Sabir Əfəndiyev müqəddəs Həcc səfərində olmuşdur. Hacıdır.

Bu təvazökar qələm sahibinə təklif etdik ki, qəzet vasitəsilə onun yaxınlaşmaqda olan yubileyini əlaqədar təşkilatlara bildirək: Anadan olduğunun 75 illik yubileyinin keçirilməsinə tərəfdar olmadığını dedi: "Nə etmişəm ki? Bu tədbir Allah mənə ömr qismət etsə  2013-cü ilə qalsın. "Üç" də, "13" də mənə sayası düşən rəqəmlərdir". 

-Onda bəs qısa tərcümeyi-halınızı oxuculara çatdırmağa da razı deyilsən?

"Hə" deməsə də, "həni" öz boynumuza çəkdik.

1933-cü ildə Qax rayonunun İlisu kəndində ruhani ailəsində anadan olmuşdur.

Onun babası hacı Mamay Əfəndi Harun oğlu tanınmış alim idi. Əsərləri ərəb, fars və Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun fondunda saxlanılır.

Atası Məhəmməd Tahir ruhanilərə divan tutan sovet rejimi illərində bənnalıqla məşğul olub, ailəsini dolandırmışdır.

 

 

 

S.T.Əfəndiyev ixtisasca jurnalistdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini

itirmiş, Azərbaycan KP MK Bürosunun zəmanəti ilə Sov.İKP MK Yanında İctimai Elmlər Akademiyasına təhsil almağa göndərilmişdir. Filologiya elmləri namizədi, dosentdir. Onlarla kitabın, 100-dən çox elmi məqalənin, yüzlərlə publisistik yazının müəllifidir.

Əmək fəaliyyətinə 1955-ci ildə Şəki şəhərində başlamış, bir çox kütləvi informasiya vasitələrində işləmişdir. Akademik İmam Mustafayevin təşəbbüsü və yaxından iştirakı ilə 1972-ci ildə Şəkidə akademiyanın Elm Mərkəzinin uzun illər təşkilatca möhkəmlənməsində elmi katib kimi öz qüvvə və bacarığını sərf etmişdir. 1982-ci ildən hal-hazıra kimi Akademiyanın Şəki şəhərindəki Etnoqrafiya Mərkəzinə rəhbərlik edir. 1958-ci ildən Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şəxsi qiraətxana sahibidir. On mindən çox nadir kitabı vardır. Tanınmış bibliofildir. 1994-cü ildə müqəddəs Həcc səfərində olmuşdur. "XXI əsr" jurnalının Şəki-Balakən bölgəsinin xüsusi müxbiridir. 

Tərcümeyi-hal şəxsiyyət vərəqəsi kimi hər şeydən xəbər verir. Fəqət Sabir müəllimi həm də çox uğurlu, həm də uğursuzluğa düçar insan kimi qələmə vermək olar. Amma, bu iki ziddiyyətli ömr yolunda son nəhayətdə həyat onu heç vaxt sındırmamışdır. O, uğursuzluğun qınından sıyrılıb çıxmışdır. İradəsi möhkəm olduğundan dözümlülük qisməti ilə mükafatlanmışdır.

Sabir Əfəndiyevin ortancıl qardaşı – alim Həbibulla Əfəndiyev

Sabir Əfəndiyev öz nəsli ilə fəxr edəndir. Düzdür, övladları özü kimi, elmə can atmasalar da, qızı və oğlanları incəsənətin musiqi tərəfini seçmişlər. Ramiz və onun oğlu Ramil məlahətli səsi ilə tanınırlar. Qızı Şərafət, gəlinləri Sevinc, oğlu Vaqif musiqi müəllimləridir. Kiçik oğlu Amil "itib-batmaqda" olan qədim sənət nümunələrinin xiridarıdır. Şəkidə misgərliyə meyli dirçəltməkdə xidməti vardır.

Sabir Əfəndiyev sözarası dedi:

-Əslimiz-nəslimiz "fırtına"lardan keçmişdir, sarsılmışdır. Məğlubiyyətimizdə də son nəhayətdə qaliblik təbili çalmaq, bədxahları peşiman etmək qismətimiz olmuşdur. Döyüşlərdə qələbə bizim tərəfimizdə olub. Mənim həyatım ailəmdən kənar deyil. Onunla bağlıdır.

O, böyük qardaşı Şakir Səfərovun xələfi idi.

    Sabir Əfəndiyev deyirdi ki, məndən qardaşım Həbibullanı iki yaş ayırırdı. Həbibulla ilə uşaqlıq illərinin ən əzablı, lakin şirin xatirələrlə dolu gəncliyi bir-birini addımba-addım müşayiət etmişdi. Böyük qardaş müharibədə vuruşurdu. Bacım Gülzar bizi öz himayəsi altında saxlayıb böyüdürdü. Ərinin müharibədən qara kağızı gəlmişdi. Bankın kassiri olsa da heç kəsin qara qəpiyinə də göz dikən olmamışdı. Namus və qeyrət sahibi olan pulların dövrəsində nəfsini saxladığı üçün onu da gözüm çıxdıya salırdılar. 

 

Şəkildə: Sabir Əfəndiyevin övladları (1990-cı il) 

Həbibulla qardaşıma gəldikdə isə, o, həyatda tez-tez fədakarlığın qurbanına çevrilirdi. İxtisasca baytar həkimi idi. Yaxşı yadımdadır. Qaxın içəri bazardakı evimizin qapısı gecənin bir çağı döyüldü. Qapıda təlaş içərisində bir nəfər soruşdu:

-Hanı Həbibulla doxdur? Fermanın inəyi balalaya bilmir. Ölsə…

Həbibulla geyinib, baytar sumkasını götürüb küçəyə çıxdı. Qaxdan Ağyazlı qışlağına ən azı 30 km. məsafə vardı. Kəsmə yol bir qədər yaxın olsa da, meşəlikdən keçirdi. Ac canavarların yığnağı idi.

-Sən qal bizdə, atını ver mənə,- dedi qardaşım.

Evə keçib yapıncısının ətəyini qayçı ilə doğrayıb atın nallı ayaqlarına sarıdı. Canavar sürüləri nalların səsini eşidib hücum edə bilərdi.

…Hələ dan yeri sökülməmişdi. Heyvanı doğuşdan xilas etmək üçün cərrahiyyə əməliyyatı keçirib tələfatın qabağını ala bildi.

Bir ay sonra qardaşımı rayon partiya komitəsinin bürosuna çağırıb beş baş keçinin ölümünə görə Sirac Dibirov onu hədələdi:

-İşində səhlənkarlıq edibsən - dedi.

 

 

Şəkildə: Sabir Əfəndiyev (arxada) və onun qələm dostları Teymur Xəlilov (solda), Salis Məmmədov (sağda)….

Şəki. 1959-cu il.

Həbibulla isə dedi ki, Qaxın xəstəxanasında hər gün bir neçə xəstə canını tapşırır. Yaranışda ölüm də labüddür, yoldaş birinci katib.

Sabahı gün qardaşım taxta karzinkasını yığışdırıb Bakıya yollandı. Aspiranturaya daxil oldu. Akademiyanın fiziologiya sektorunda onun qısa müddətdə dissertasiya yazmasını burunlayanlar oldu.

Qardaşım iradəsini  sındırmayıb Xarkovda namizədlik dissertasiyasını müdafiə etdi. Kənd təsərrüfatı nazirliyində baytar həkimi işləyərkən istedadı və işgüzarlığının qənimləri onu gözüm çıxdıya salırdılar.

Həbibulla istedadlı şair, publisist idi. Respublika mətbuatında şerləri, hekayələri, kitablar haqqında ressenziyaları çap edilirdi.

Günlərin bir günü nazir onu yanına çağırıb dedi:

-Ağabacı Rzayevanın "Dağlar qızı" mahnısının sözlərini sən yazıbsan?

-Necə? - deyə sual edəndə nazir dilucu dilləndi:

-Yəqin sən də Çingiz Aytmatov kimi zootexnik olduğun halda bədii yaradıcılıqla da məşğul olursan!

Həbibullanı insanlar məhv edə bilmədilər. Xəzərin sularında əbədiyyətə qovuşdu. Paxıl və bədxahlardan uzaqlaşıb ruhu göyün qatlarına çəkildi.

Yeri gəlmişkən deyək ki, Sabir müəllimin taleyi də Həbibulla qardaşının həyatındakı bədxahların hücumlarından kənarda qalmamışdır. Hələ 1965-ci ildə dissertasiyası müdafiəyə buraxılmağa bir neçə gün qalmış öz rüşvətxorluğu ilə ad-san qazanan universitetin kafedra müdiri Aslan Atakişiyev bəhanə edib demişdi:

-Dissertasiyanın üçüncü fəslini dəyişdir. Sənin nə işin var ermənilərlə? Hələ böyük rus qardaşlarımıza da iradlar tutursan. Get fəsli dəyiş!

Dəyişmədi…

Çox yazışmalardan sonra Moskva işə qarışdı. Dissertasiyanın Azərbaycanda deyil Tbilisi Dövlət Universitetində müdafiə etmək haqqında göstəriş verildi. Müdafiə uğurla keçdi.

Sabir müəllimin Şəkidə də az da olsa, fəqət güclü bədxahlarla üzləşməsi olmuşdur: Partiya aparatındakı uğurlarını, elm mərkəzində təşkilatçılığından xoflananların həmlələrini başa düşmüşdür. İndi onun nə Bakıda, nə də Şəkidə şəxsi evi yoxdur. Hələ də kommunal mənzilində yaşayır, on min kitabını, yüzlərlə maddi-mədəniyyət incilərini sınıq-sökük qazanxanaya mənsub otaqları öz xərci ilə qaydaya salıb bunları qoruyub-saxlayır.

S.Əfəndiyev hər il dalbadal yeni əsərlər yazıb çap etdirir. Kitab təbliğatçısıdır.

Azərbaycanda ilk fərdi kitabxana sahibidir. İki il əvvəl Beynəlxalq Kitab Cəmiyyəti onu fəxri fərmanla təltif etmişdir.

Bu təbrik məqaləmizi Sabir müəllimin yazdığı aşağıdakı dörd misra şerlə tamamlayırıq:

-Anam doğmuş məni bir aprel günündə,

Xasiyyətim sərtdir, mülayim deyil!

Qalmışam baharla qış döyüşündə,

Qış qar topu atır, yaz bir dəstə gül.

Hörmətli qələm dostumuz Sabir müəllim! Biz də səni qarşıdan gələn 75 yaşınızın, mətbuat sahəsində səmərəli fəaliyyət göstərməyinizin 55 illiyini ürəkdən təbrik edirik. Yaşamaq isə hər kəsin öz işidir, öz talehidir. Sizə uğurlar diləyirik. Bir dəstə söz çələngi, bir dəstə bahar çiçəkləri ilə.

Salis MƏMMƏDOV,

 


Sehran MƏMMƏDOV: "XOŞ XƏBƏR

Şəki Şəhər Birləşmiş xəstəxanasının baş həkimi Sehran Məmmədov "Şəkinin səsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Salis Məmmədova ünvanladığı məktubda bildirmişdir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Nazim İbrahimovun xahişi ilə Yunanıstan səfirliyi vasitəsilə Koreyada istehsal olunan müasir tender aparatı alınaraq Şəkiyə hədiyyə edilmişdir. Hazırda həmin dəyərli aparatın Şəki Vərəm Əleyhinə Dispanserdə quraşdırılmasına başlanmışdır. 

Baş həkim onu da xatırladır ki, Şəki Vərəm Əleyhinə Dispanseri Yunanıstan MDYN qeyri-hökumət təşkilatı tərəfindən 2006-cı ildə əsaslı təmir edilmişdir. Belə ki, binanın üst örtüyü dəyişdirilmiş, palataların divarlarına yenidən üz çəkilmiş, rənglən- mişdir. Döşəməsi yumşaq material ilə örtül- müşdür. Daxili elektrik naqilləri dəyişdirilmiş və su xətti çəkilmişdir. Sanitar qovşağı, ha- mam inşa edilmiş və sair işlər görülmüşdür.

1961-ci ildən AKD tipli rentgen aparatı köhnə və yararsız olduğuna görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Nazim İbrahimovun xahişi ilə Yunanıstan səfirliyi vasitəsilə alınıb Şəkiyə gətirilən yeni aparat Koreyada istehsal olunmuşdur. Aparat Şəki Vərəm Əleyhinə Dispanserinin iş qabiliyyətini xeyli yüksəldəcək. Hazırda rentgen aparatının quraşdırılacağı otaqda təmir işi aparılır. Təmir işi qurtaran kimi rentgen aparatı istifadəyə veriləcək. Bununla da Şəki Vərəm Əleyhinə Dispanser müasir bir tipli müəssisəyə çevriləcək və rayonumuzun əhalisinə nümunəvi tibbi xidmət göstərəcəkdir.

 

Seyran MƏMMƏDOV,

Şəki MRX-nin baş həkimi.

 


Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Mərkəzinin Regional şöbəsi yaradılmışdır.

Yunanıstan Respublikası Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə bu ölkənin "Medicaİnterventionl" ("Med-İn") təşkilatı tərəfindən həyata keçirilən layihə əsasında Şəki Rayonlararası Vərəm Dispan- serinin əsaslı təmirindən sonra açılış mərasimi olmuşdur. Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimidis Temistokles iştirak etmişdir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin aliyyələşdirdiyi  "İlkin səhiyyə xidmətlərinin güclən- dirilməsi" layihəsi çərçivəsində Baş Zəyzid kəndində sahə xəstəxanasının ambulator şöbəsi üçün yeni inzibati bina tikilmişdir. 


 

MƏLUMAT  

RƏHİM VAHİD OĞLU AĞAMALIYEV ƏDLİYYƏ NAZİRLİYİNİN ŞƏKİDƏ YARADILMIŞ REGİONAL ŞÖBƏSİNİN RƏHBƏRİ TƏYİN EDİLMİŞDİR

Rəhim Vahid oğlu Ağamalıyev Zaqatala şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Ali təhsilli mütəxəssis kimi ilk əmək fəaliyyətinə Balakən rayonunda başlamışdır. 1997-ci ildə Ədliyyə Nazirinin əmri ilə Zaqatalada Dövlət Qeydiyyatı şöbəsinin rəisi təyin edilmişdir. Kiçik Ədliyyə müşaviridir.

Bu günlərdə Ədliyyə nazirinin əmri ilə nazirliyin Şəkidə yeni yaradılmış regional şöbəsinin rəhbəri təyin edilmişdir.

"Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.

Evlidir. Üç övladı var.

Arzu ABDULHƏMİDOV

 

<<< Ana səhifə