ÜSYANKAR REDAKTOR SALİS MƏMMƏDOVUN ÜÇ YUBİLEYİ

(«Ekspress», 22 sentyabr 1992-ci il)


 

Salis Məməmdov qeyri-adi insan və qeyri adi jurnalistdir.  
Onda mükəmməl insana xas olan bütün keyfiyyətlər – mərdlik və kişilik, ləyaqət və sədaqət, paklıq və mənəvi təmizlik, bir sözlə, hər şey var. Jurnalistə xas olan məziyyətlər də Salis müəllimin şəxsiyyətində toplanıb: o, qətiyyətli və cəsarətli, qorxmaz və prinsipial, vicdanlı və ədalətli qələm sahibidir. Ən əsası isə odur ki, o, xalqın bağrından qopmuş insandır, xalq və millətlə, Vətən və dövlətlə nəfəs alır.

Salis müəllim mətbuata adlı-sanlı jurnalist, “Bakinski raboçi” qəzetinin xüsusi müxbiri olan atası Məmmədsani Məmmədovun təsiri ilə gəlib və 70 illik ömrünün 50 ilini jurnalistikaya həsr edib. Gənc ikən əmək fəaliyyətinə başladığı qəzetdə, yerli radio verilişlərində, hərbi xidmətdə olarkən Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidə çıxan “Lenin bayrağı” qəzetində çalışıb, ali təhsil alıb, püxtələşib, kamil jurnalist kimi yetişib, sənətin sirlərinə yiyələnib. 1960-cı ildən “İpəkçi” qəzetinin dəyişməz redaktorudur.
Salis Məmmədovun bacarığı, prinsipiallığı və dönməzliyi “İpəkçi” qəzetində bütün parlaqlığı ilə üzə çıxıb. Qəzetin səhifələrində bir-birinin ardınca kəskin tənqidi yazıların verilməsi nəticəsində redaktorla yerli rəhbərlər arasında qarşıdurma yaranıb, onun işdən çıxarılması gündəliyə gəlib, lakin Salis müəllim hər dəfə haqlı olduğunu sübut edib.
O, bir dəfə qəzetdə SSRİ Yüngül Sənaye naziri Tarasova "Açıq məktub" yazaraq, Şəki ipək kombinatında xammal çatışmamazlığı üzündən istehsalın azaldığını, maaşların aşağı düşdüyünü göstərmiş, bu vəziyyətə göz yuman İttifaq nazirliyini də kəskin tənqid atəşinə tutmuşdu. Milli respublikada çıxan bir əyalət qəzetinin SSRİ Nazirliyini tənqid etməsi sovet dövründə görünməmiş bir cəsarət idi. Həmin yazı Moskvada nazirin iştirakı ilə kollegiyada müzakirə edilmiş, təcili tədbirlər görülmüş, Şəkiyə xammal göndərilmişdir. Başqa bir misal. Şəki ipək kombinatının işçiləri üçün nəzərdə tutulan üç yaşayış binasının tikintisi əsassız yerə yubadılırdı. Hətta, tikintinin plandan çıxarılması qorxusu vardı. Salis müəllim bu dəfə Azərbaycan SSR Sənaye Tikintisi naziri Pyamibrata "Açıq məktub" yazdı və qısa müddət sonra 150 ailə yeni mənzilə köçdü.

 

Üsyankar redaktor qorxu-hürkü bilmədən partiya-sovet, hüquq-mühafizə, yeyinti-ticarət orqanlarının bəd əməlləri barədə yazılar yazaraq natəmiz adamları ifşa edib. Bu cəsarətli yazılar sayəsində qəzetin imici yüksəlib. Salis müəllim bu mübarizədən həmişə özünü zərbə altında qoyaraq təmənnasız və birmənalı şəkildə xalqın, zəhmətkeşin, sadə əmək adamının, haqqın, ədalətin tərəfində durub.
1993-cü ildə Salis Məmmədov “Şəkinin səsi” adlı müstəqil ictimai-siyasi qəzet təsis edib. Bu qəzetdə də fəaliyyətini eyni əzm və fədakarlıqla davam etdirən Salis müəllim oxuculara təkcə rayonun və regionun deyil, ölkəmizin və dünyanın problemləri barədə məlumat verib, Azərbaycanın dövlət müstəqilliyini bütün varlığı ilə dəstəkləyib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün var qüvvəsi ilə çalışıb.
Salis Məmmədov Azərbaycan mətbuatı qarşısındakı müstəsna xidmətlərinə görə respublikanın Əməkdar jürnalisti adına layiq görülüb, saysız-hesabsız mükafatlarla, o cümlədən “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, üç medalla, “Qızıl qələm” mükafatı ilə təltif edilib.
Salis müəllim “Şəkinin səsi” və “İpəkçi” qəzetlərini indiki ağır iqtisadi şəraitdə min bir əziyyətlə ərsəyə gətirir. O, hər iki redaksiyada bütün yazıları özü yazır, makinada çap edir, redaktor, məsul katib, müxbir, korrektor, kuryer və buraxıcı kimi bütün işləri təkbaşına yerinə yetirir, sonra poçta gedərək qəzetləri müxtəlif ünvanlara yola salır. 50 ilə yaxındır ki, yorulmaz qələm sahibi məzuniyyət nə olduğunu bilmədən gecə-gündüz çalışır. Haqlı olaraq deyirlər ki, Salis müəllim milli mətbuatımızın həm sıra nəfərlərindən, həm də sərkərdələrindən biridir.

***



Ötən bazar günü Şəkidə yerli ictimaiy- yətin, Bakıdan, Gəncədən, respublikamızın müxtəlif şəhər və rayonlarından gələn nümayəndələrin və mətbuat işçilərinin iştirakı ilə Salis Məmmədovun anadan olmasının 70, “İpəkçi” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 69, “Şəkinin səsi” qəzetinin 9 illiyi münasibətilə təntənəli yubiley gecəsi keçirilib. Gecədə yubilyar barədə xoş sözlər söylənilib, onun gərgin jurnalist əməyi və çoxşaxəli yaradıcılığı yüksək qiymətləndirilib.

Çingiz NAĞIYEV.
(“Ekspress” qəzeti, 24 sentyabr 2002-ci il.)

P. S. Xatırladaq ki, Salis müəllim müstəqil Azərbaycan Respublikasının ilk əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. Bundan sonra - yəni Əli Həsənovun ictimai-siyasi şöbəyə rəhbərlik etdiyi 13 ildə jurnalistə fəxri ad verilməmişdir. Lakin iki il bundan əvvəl - yəni Azərbaycan mətbuatının 130 illiyi günündə "tilsim" sındırılmış, Salis müəllimin "dəstəsi"nə daha 60 nəfər jurnalist daxil olmuşdur. Əli Həsənovun təqdimatı ilə həmin il "sayı-hesabı" bilinməyən, jurnalist peşəsində elə bir xidməti olmayan bir qrup mətbuat işçisi də "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Onların sırasında sinəsini iki orden, iki medal bəzəyən, "Qızıl qələm" mükafatı laureatı əməkdar jurnalist Salis müəllim də var idi. Lakin məsələ burasında idi ki, ölkə Prezidentinin bu məlum sərəncamının icrası 9 aydan sonra yerinə yetirildi. Elə buna görə də Salis müəllim həmin medaldan imtina etmiş və bunun səbəbini ölkə Prezidentinə dəqiq çatdırmağı Əli Həsənovdan xahiş etmişdir. Lakin Əli müəllim hələ də susur. Aradan iki il keçməsinə baxmayaraq həmin medalın taleyinin necə həll olunduğu məlum deyil.
Görünür həmin mövzuya yenidən qayıdacağıq.

 

<<< ANA SƏHİFƏ